“Baku Energy Week”də bir sıra Anlaşma Memorandumları imzalanacaq

Energetika
  • 29 may, 2025
  • 11:34
“Baku Energy Week”də bir sıra Anlaşma Memorandumları imzalanacaq
Nailə Əliyeva

“Baku Energy Week” çərçivəsində uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra Anlaşma Memorandumlarının imzalanması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə Bakıda keçiriləcək: “Bu illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən birinə çevrilib”.

O qeyd edib ki, enerji həftəsi çərçivəsində üç mötəbər tədbir birləşdirilib: “30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konsept əsasında inşa olunmuş Bakı Konqres Mərkəzində keçirilir. Sərgilər çərçivəsində ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) təşkil olunacaq. Bu görüşlərdə yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və gələcək tərəfdaşlıq imkanlarını müzakirə edə biləcəklər. Həmçinin özəl sektorun təmsilçiləri dövlət qurumları ilə birbaşa əlaqə qurmaq imkanı əldə edəcəklər”.

N.Əliyeva qeyd edib ki, sərgi müddətində bir neçə tematik sessiya və panel müzakirəsi keçiriləcək: “Bu müzakirələr “Enerji sənayesində davamlılıq”, “Karbon emissiyalarının azaldılmasında nüvə enerjisinin rolu”, “Gənc istedadların cəlb olunması və inkişafında HR təcrübələri”, “Enerji sahəsində innovasiyalar və təhsilin rolu” və “Enerjinin səsi” kimi mövzuları əhatə edəcək. Bundan əlavə, “Baku Energy Week” çərçivəsində “Ümid var” inklüziv cəmiyyətinin üzvü olan uşaqların əsərlərindən ibarət rəsmi sərgi də təşkil olunub. Bu əsərlər axşam ziyafətində nümayiş olunacaq və həmin tədbir zamanı xeyriyyə hərracı keçiriləcək”.

44 - Tezliklə