Bakıda “SOCAR” brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb

Bakıda “SOCAR” brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb Bununla da ölkədə “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 25-ə çatıb
Energetika
11 Aprel , 2017 12:56
Bakıda “SOCAR” brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb
Socar-petroleum.az

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Nobel prospektində “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. 

"SOCAR Petroleum" QSC-dən “Report”a verilən məlumata görə, bununla da ölkədə “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin ümumi sayı 25-ə çatıb.

Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “SOCAR Petroleum” QSC-nin baş direktoru Toğrul Seyidov, digər rəhbər işçiləri və qonaqlar iştirak ediblər.

SOCAR prezidenti R.Abdullayev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi lenti kəsib və bir neçə il əvvəl ölkə Prezidenti İlham Əliyevin yeni iş yerlərinin yaradılması ilə bağlı söylədiyi sözləri vurğulayıb: “Yeni iş yerlərinin açılması daimi proses olmalıdır və açılan yeni iş yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirməlidir”. Bu prinsiplərə əsaslanaraq Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin aktiv şəkildə genişləndiyi qeyd olunub. R.Abdullayev “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin ölkədə əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini vurğulayıb.

Daha sonra "SOCAR Petroleum" QSC-nin baş direktoru T.Seyidov tədbir iştirakçılarını yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə və eyni zamanda YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış edib. Onun sözlərinə görə, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı və ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib. “Super”, “Premium”, “Ai-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə beş yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. O, qeyd edib ki, bu məntəqələrin hər birində orta hesabla 40 nəfər çalışır.

Tədbirin sonunda SOCAR prezidenti R.Abdullayev “SOCAR Petroleum” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar diləyib. R.Abdullayev əmin olduğunu bildirib ki, öz növbəsində, “SOCAR Petroleum” QSC-nin əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, öhdəliklərə daim məsuliyyətlə yanaşacaq və etimadı doğruldacaqlar.

Son xəbərlər

Orphus sistemi