Bakıda OGPC-nin tikintisinə həsr olunmuş forum keçiriləcək

Bakıda OGPC-nin tikintisinə həsr olunmuş forum keçiriləcək Noyabrın 5-6-da Bakıda Neft-qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsinin icrası məsələləri müzakirə olunacaq
Energetika
3 Noyabr , 2014 11:41
Bakıda OGPC-nin tikintisinə həsr olunmuş forum keçiriləcək
Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 5-6-da Bakıda Neft-qaz emalı və Neft-kimya Kompleksinin (OGPC) tikintisi layihəsinə həsr olunmuş forum keçiriləcək. Forum neft-qaz emalı və neft-kimya sahəsində təcrübəsi olan yerli və xarici şirkətlər üçün geniş fikir mübadiləsinin aparılmasına imkan yaradacaq. 

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verdiyi kimi, forum 8 sessiyadan ibarət olacaq. Həmin sessiyalar çərçivəsində neft-qaz sahəsində avadanlıqların istifadəsi və xidmətlərlə bağlı məsələlər, neft-qaz emalı və neft-kimya sahəsində layihələrin maliyyə-iqtisadi və hüquqi məsələləri, logistika sahəsində tendensiyalar, irimiqyaslı layihələrin həyata keçirilməsində yerli podratçıların təcrübəsi müzakirə olunacaq.

Ümumilikdə, forum çərçivəsində 50-yə yaxın məruzə dinləniləcək. Tədbirin işində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, SOCAR prezidentinin müşaviri Əfqan İsayev, OGPC baş direktorunun müavini Emil Alxaslı, "SOCAR Turkey Energy" şirkətinin prezidenti və baş icraçı direktoru Kənan Yavuz, Türkiyədə "Star" neft emalı zavodunun (NEZ) tikintisi layihəsinin icraçı direktoru Robert Stori və s. iştirak edəcəklər.

Qeyd edək ki, yeni kompleksin tikintisinə 2015-ci ildə başlanması, 2023-2025-ci illərdə isə istismara verilməsi nəzərdə tutulub. Tikinti prosesində 15-16 min nəfər işlə təmin olunacaq. 

Kompleks Bakıdan 60 km aralı, Qaradağ və Abşeron rayonlarının sərhədində, Sanqaçal terminalının yaxınlığında yerləşəcək. Onun ərazisi 1 500 ha təşkil edəcək. Kompleks qaz emalı, neft emalı və neft-kimya zavodlarından ibarət olacaq.

İlk olaraq ildə 10 mlrd. kubmetr gücü olan qaz emalı kompleksi, ikinci mərhələdə neft-kimya kompleksi, sonra isə ildə 10 mln. ton gücü olan neft emalı zavodu istismara veriləcək. 

Layihənin ümumi dəyəri 14-15 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir. Layihəyə yatırılan sərmayələr 7 il ərzində ödəniləcək, layihənin rentabelliyi 13% təşkil edir. Satış bazarları qismində Azərbaycan, Gürcüstan, Türkiyə, İran və Şərqi Avropa ölkələri nəzərdən keçirilir.

Son xəbərlər

Orphus sistemi