Bakıda bir gündə 500-dən çox fərdi evə qaz verilib

Bakıda bir gündə 500-dən çox fərdi evə qaz verilib Bakının 3 rayonunda yeni yaşayış massivlərinə təbii qaz verilib.
Energetika
3 Dekabr , 2019 11:25
Bakıda bir gündə 500-dən çox fərdi evə qaz verilib

Bakının 3 rayonunda yeni yaşayış massivlərinə təbii qaz verilib. 

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. 

Məlumata görə, Qaradağ rayonu, Şıxlar qəsəbəsindəki yeni yaşayış massivində 74, Suraxanı rayonu “Dədə Qorqud” adlanan ərazidəki yeni yaşayış massivində 19, Xəzər rayonu “Badam bağları” adlanan ərazidəki yeni yaşayış massivində isə 470 fərdi yaşayış evinə mavi yanacaq verilib. Bununla da paytaxtda bu il üçün qazlaşdırılması nəzərdə tutulan 22 yaşayış məntəqəsindən 4-də qaz açılışı baş tutub.

Qeyd edək ki, paytaxtda qazlaşdırılma işlərinə bu il sentyabr ayından başlanılıb və hazırda 9 məntəqə üzrə istismara qəbul prosesi aparılır, daha 9-da isə iş tamamlanıb, yaxın vaxtlarda qaz təchizatı reallaşdırılacaq.

Bölgələrdə isə bu il qazlaşdırma işlərinin sürətləndirilməsi üçün tərtib olunmuş proqram əsasında aprel ayından etibarən 92 kənd və qəsəbə, eləcə də yaşayış massivində qazlaşdırılma işlərinə start verilib. Hazırda 72 yaşayış məntəqəsində qaz açılışları baş tutub. 19 yerdə istismara qəbul prosesi aparılır, cəmi bir yerdə - Goranboy rayonunun Goran qəsəbəsində son tamamlanma işləri görülür. İlin sonunadək qazlaşdırılması planlaşdırılan bütün yerlərdə qaz açılışları təmin olunacaq.

Onu da qeyd edək ki, “2019-cu il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə ölkə prezidentinin 22 dekabr 2018-ci il tarixli fərmanı ilə regionlarda qazlaşdırılma tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən SOCAR-a 53,5 milyon manat, Bakı şəhərinin bir sıra yeni yaşayış massivlərinin qazlaşdırılması tədbirlərinin davam etdirilməsi məqsədilə isə 30 milyon manat vəsait ayrılıb.

Son xəbərlər

Orphus sistemi