Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 2 % artıb
- 16 may, 2024
- 09:37
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 14 milyard 207,6 milyon kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin eyni rübünə nisbətən 3,4 % azalma müşahidə olunub.
Hesabat dövrünə qazın nəqlinin 52,7 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu kəmərlə 7 milyard 485,6 milyon kubmetr qaz ötürülüb. Bu, 2023-cü ilin ilk 4 ayı ilə müqayisədə 1,9 % çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.