Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 6 mlrd 558,3 mln kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin yanvar-fevral aylarına nisbətən 8,2 % artım müşahidə olunub.
Hesabat dövrünə qazın nəqlinin 45,6 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 2 mlrd 992,8 mln kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 47,2 % çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.