Bakı Neft Emalı Zavodunun yenidən qurulması Neft Fondu hesabına aparılacaq

Bakı Neft Emalı Zavodunun yenidən qurulması Neft Fondu hesabına aparılacaq Bu vəsait SOCAR-ın nizamnamə kapitalının artırılması hesabına təmin olunacaq
Energetika
1 İyun , 2017 17:24
Bakı Neft Emalı Zavodunun yenidən qurulması Neft Fondu hesabına aparılacaq

Bakı. 1 iyun. REPORT.AZ/ Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və yenidənqurma işləri üçün lazım olan vəsait Azərbaycan Dövlət Neft Fondundan veriləcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib: "Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya işlərinin maliyyələşməsi tam olaraq dövlət tərəfindən həyata keçiriləcək. Son bir ay ərzində bu məsələlər artıq dövlət səviyyəsində həll olunub. Lazım olan vəsait Dövlət Neft Fondundan dollarla veriləcək".

O qeyd edib ki, bu vəsait SOCAR-ın nizamnamə kapitalının artırılması hesabına olacaq.

Onun sözlərinə görə, "Azərikimya" İstehsalat Birliyində işlər üçün isə dövlət zəmanəti ilə kredit cəlb olunmasına icazə verilib.

"İl yarım əvvəl "UOP" və "Fluor" şirkətləri texniki-iqtisadi əsaslandırma apardılar. Həmin vaxt təxmini qiymət 1,3 mlrd. ABŞ dolları hesablanırdı. Bu vəsaitin təqribən 300 mln.dolları "Azərikimya" İB-yə, 1 mlrd. dollara yaxın isə Neft Emalı Zavodu üçün nəzərdə tutulurdu. Sonra isə ətraflı olaraq bu işlərlə məşğul olmağa başladıq. Daha dəqiq qiymət tenderlər başa çatdıqdan sonra müəyyənləşir. Heydər Əliyev adına Neft Emalı Zavodu və "Azərikimya" İB-nin modernizasiya və yenidənqurma işləri üçün lazım olan son rəqəm təqribən 1,8 mlrd. dollar qiymətləndirilir", - deyə SOCAR rəsmisi qeyd edib.

T.Qəhrəmanovun sözlərinə görə, "Azərikimya" üçün təqribən 320-340 mln. dollar lazım ola bilər. 

T.Qəhrəmanov bildirib ki, Neft Emalı Zavodunda işlər üçün isə lazım olan vəsait 1,5 mlrd. dollar həcmində qiymətləndirilir: "Zavodda modernizasiya işlərinin qiymətinin artmasına səbəb ümumzavod təsərrüfatının yaxşı vəziyyətdə olmamasıdır".

Onun sözlərinə görə, indiyə qədər hər iki layihə üçün sərf olunan vəsaitin həcmi 400 mln. manat təşkil edir.

SOCAR-ın vitse-prezidenti həmçinin qeyd edib ki, avqust ayında Neft Emalı Zavodunun təmirə dayandırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi