Bu gün Bakı Enerji Həftəsinin açılışı çərçivəsində Azərbaycanda “Masdar” şirkətinin inşa edəcəyi üç elektrik stansiyasının təməli qoyulacaq.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.
“3 elektrik stansiyasının ümumi gücü 1 000 MVt olacaq. Artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə müvafiq müqavilələr imzalanıb. Şirkət Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək”, - o vurğulayıb.
Onun sözlərinə görə, bu layihələrə ümumi sərmayə təxminən 1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Qeyd edək ki, Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov və BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Əhməd Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub. Görüşdə “Masdar” şirkəti ilə quruda və dənizdə “yaşıl enerji” layihələrinin icrası, hər iki ölkənin apstrim sektorunda dövlət şirkətlərinin iştirakı, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 1000 MVt gücündə günəş və külək enerjisi stansiyalarının inşası ölkələrimizin “yaşıl enerji” keçidinə birgə töhfəsi kimi dəyərləndirilib.
Görüşün yekununda Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası layihələri üzrə “İnvestisiya müqaviləsinə Əlavə”, “Enerji alqı-satqı müqaviləsi”, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” və “Torpaq icarə müqaviləsi” imzalanıb.
Müqavilələri Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Masdar” şirkəti tərəfindən isə baş icraçı direktor Məhəmməd Cəmil Əl-Ramahi imzalayıb.