"Bu gün işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi sahəsində görülən işlərdən danışanda bəlkə də kiminsə gözünün önünə mən və "Azərenerji" ASC-nin kollektivi gəlir. Amma mənim gözümün önünə bu ərazilərdə çalışan sürücülər, mühəndislər və digər zəhmətkeş əməkdaşlarımız gəlir".
"Report" xəbər verir ki, bunu 20 Oktyabr - Energetiklər Günü münasibəti ilə "Şimal" Elektrik Stansiyasında keçirilən tədbirdə "Azərenerji"nin prezidenti Baba Rzayev deyib.
Bununla belə, onun sözlərinə görə, hazırda Qarabağda 30-ya yaxın podratçı şirkət də çalışır.
"Bu gün ölkəmizdə birinci energetik Prezident İlham Əliyevdir. Məhz onun sayəsində biz torpaqlarımızı işğaldan azad etdik və hazırda quruculuq işləri davam edir. Məhz bu böyük işləri gördüyünə görə, həm alimlərimizə, həm podratçı şirkətlərə, həm də bizim orada çalışan əməkdaşlarımıza təşəkkür edirəm", - deyə B.Rzayev əlavə edib.
Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə parlamentdə energetika ilə bağlı yeni qanun layihələrinin hazırlandığını bildirib.
Energetiklər Günü ilə bağlı "Azərenerji" rayonlardakı elektrik stansiyalarında silsilə tədbirlər keçirib. Bu gün isə qurumun rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, daha sonra media nümayəndələrinin iştirakı ilə Bakının Şüvəlan qəsəbəsində yerləşən "Şimal" Elektrik Stansiyasına gəlib. Burada ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı ərazidə 1 000-dən çox zeytun ağacı əkilib. Tədbirdə B.Rzayev, S.Qurbanov, "Azərenerji"nin rəsmi şəxsləri və energetiklər iştirak edib.
Daha sonra keçirilən tədbirdə B.Rzayev son illər görülən işlərlə bağlı hesabat xarakterli çıxış edib.
Ardınca "Azərenerji"nin ictimaiyyətlə əlaqələr mərkəzinin hazırladığı film nümayiş etdirilib, fərqlənən energetiklər mükafatlandırılıb.