Bakı. 7 mart. REPORT.AZ/ SOCAR-ın baş ofisində “İnsan resursları funksiyalarının transformasiyası” layihəsi ilə bağlı toplantı keçirilib.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, 2016-cı ildən tətbiq olunan “Səriştəliklərin idarə edilməsi” alt layihəsinin pilot zonalar üzrə strukturlardan seçilmiş əməkdaşlar üçün biznes və sistem prosesləri ilə əlaqədar maarifləndirmə təliminə start verilib.
Toplantıda SAP tərəfindən layihə qrupu üzvlərinə keçirilmiş “Təlimçilər üçün təlimlər”, “Biznes təlimləri” və “Sistem təlimləri” haqqında məlumat verilib. Bildirilib ki, pilot zona üzrə seçilmiş 30 nəfər “əsas istifadəçi” 8 iş günü ərzində insan resurslarının idarə edilməsinin müasir konsepsiyaları, layihənin müxtəlif fazaları, proseslərin SAP HCM sistemi və İnsan Resursları portalı haqqında nəzəri və praktiki bilikləri işçilərə çatdıracaqlar.
Martın 6-10-da təlimlərin nəzəri, martın 13-17-də isə praktiki sistem hissəsi keçiriləcək. Mart ayının sonundan etibarən əsas istifadəçilərin II qrupu üçün təlimlər davam etdiriləcək. Aprel ayından etibarən isə “əsas istifadəçilər”in dəstəyi ilə Birliyin “son istifadəçilər” adlanan əməkdaşları üçün təlimlər keçiriləcək. Bu müddətdə sistemlə birbaşa işləyəcək 463 nəfər rəhbər və digər kateqoriyalı işçiyə istehsalatdan ayrılmamaq şərti ilə distant formada təlimlər keçirilməsi planlaşdırılır. Layihənin sonunda təlimlərin effektivliyinin ölçülməsi üçün “əsas istifadəçilər” və “son istifadəçilər”in layihə üzrə bilikləri test vasitəsilə yoxlanılacaq.