Yuxarı

​"Azneft" proqnozdan 2,3% çox qaz hasil edib

Birlik üzrə 3,1 mln. ton neft, 2,84 mlrd. kubmetr qaz hasil edilib

Bakı. 11 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi üzrə 3,133 mln. ton neft hasil edilib.

"Azneft"dən "Report"a verilən məlumata görə, hesabat dövründə “Abşeronneft” və Ə.C.Əmirov adına neft və qazçıxarma idarələri üzrə göstəricilər plana görə daha yüksək olub. Belə ki, yanvar-iyun aylarında bu idarələrdə neft hasilatı üzrə proqnoz tapşırıqları müvafiq olaraq 114,6% və 109,3% yerinə yetirilib.

İB-dən bildirilib ki, bu ilin altı ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. 2016-cı ilin müvafiq dövrü ərzində 2,78 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 2,84 mlrd. kubmetrə bərabər olub. Plan 102,3% yerinə yetirilib. “Azneft”İB üzrə qaz hasilatında aparıcı yerləri “28 May”, N. Nərimanov adına neft və qazçıxarma idarələri tuturlar.

Qeyd olunub ki, yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib:"Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. İlin ilk altı ayı ərzində İB-nin sifarişi əsasında 27 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 32,3 min ton neft hasil edilib".

Məlumata görə, ötən altı ayda fəaliyyətsiz quyu fondundan 63 quyu istismara qaytarılıb. Bu quyulardan 7,2 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 18,8 min ton neft alınıb ki, bu da plandan 11,6 min ton çoxdur.

İlin əvvəlindən 318 geoloji tədbir keçirilib, nəticədə 67,6 min ton neft hasil edilib ki, bu da plana qarşı 36 tədbir çox və 8,8 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 20,5 min ton plana qarşı 26,6 min ton neft hasil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi