Bakı. 27 noyabr. REPORT.AZ/ Suraxanı rayonunda müəssisə və idarə komandaları arasında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 23-cü ildönümünə həsr olunmuş “Breyn-rinq” bilik yarışması keçirilib.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, “Uğur Yolu 23” adlı yarışmada YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri, Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov əlamətdar gün münasibətilə yarış iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. Yarışmada “Azneft” İstehsalat Birliyinin Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsinin komandası da iştirak edib.
Yekunda Birliyin komandası ən yüksək nəticə göstərərək birinci yeri tutub. YAP-ın sədr müavini Əli Əhmədov diplom və kuboku komandanın kapitanı Aydın Səftərova təqdim edib.