Yuxarı
    Bağlamaq

    "Azərsu" ASC "Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində yeni layihənin icrasına start verib

    Layihə üçün mindən artıq əməkdaşın təlimlərə cəlb olunması nəzərdə tutulur

    Bakı. 25 iyun. REPORT.AZ/ “Azərsu” ASC “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” dövlət proqramlarına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində layihələr həyata keçirir.

    ASC-dən “Report”a verilən məlumata görə, bu layihələrin tərkib hissəsi olaraq yeni infrastrukturlar yaradılır, müasir tipli avadanlıqlar və qurğular istismara verilir.

    Bununla paralel olaraq bu sahələrdə çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə "Azərsu" ASC-nin "Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində "Kompleks Təlim Planı" layihəsinin icrasına start verilib. Regionlarda təşkil olunacaq təlimlərdə Cəmiyyətin "Birləşmiş Sukanal" MMC-nin, bölgələrdə fəaliyyət göstərən digər qurumlarının 9 vəzifə və peşə istiqaməti üzrə energetik, mexanik, metrologiya üzrə mühəndis, su və kanalizasiya şəbəkələrinin mühəndisi, içməli və çirkab su təmizləyici qurğuların mühəndis texnoloqları, su kəməri təsərrüfatında nəzarətçi, mühasib, kompüter operator, kadrlar üzrə müfəttiş kimi işçilərin iştirakı nəzərdə tutulur.

    İyunun 22-də qərb bölgəsi üzrə start götürən təlimdə “Gəncə Sukanal” TSC, Qazax, Ağstafa, Gədəbəy, Şəmkir, Tovuz, Daşkəsən, Goranboy, Göygöl, Naftalan, Samux rayon sukanal idarələrinin 207 nəfər işçisinin iştirakı nəzərdə tutulub. İyulun 7-dək davam edəcək təlimlər Daşkəsən və Gəncə şəhərlərində təşkil olunacaq. Təlimlər seminar və praktiki məşğələlər formasında keçirilir. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar nəzərdə tutulub.

    Ümumilikdə "Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində “Azərsu” ASC-nin 1000-dən artıq əməkdaşının müvafiq vəzifələr və peşələr üzrə təlimlərə cəlb olunması nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi