"Azərkimya": "Yaxın vaxtda etilen istehsalı 210 min tona çatdırılacaq"
- 13 may, 2022
- 09:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətiinin (SOCAR) "Azərkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunun modernizasiyası nəticəsində zavod üzrə propilen istehsalı 60-65 min tondan 187 min tonadək, etilen istehsalı isə 110 min tondan 190 min tonadək yüksəldilib.
"Report"un məlumatına görə, bunu zavodun baş mühəndisinin müavini Samir Səlimli bildirib
Onun sözlərinə görə, yaxın vaxtda etilen istehsalının həcmini 210 min tona çatdırmaq məqsədi ilə qurğuların sınaqdan keçirilməsi nəzərdə tutulub.
O bildirib ki, modernizasiya layihəsinin əsas məqsədlərindən biri də Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və tələb olunan miqdarda etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etməkdir.
S. Səlimli əlavə edib ki, "Azərkimya" İB-də istehsal üçün istifadə olunan xammal isə birbaşa SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir.
Beləliklə, “Azərikimya” İB-nin Sumqayıtdakı "Etilen-polietilen" zavodu SOCAR-ın emal üzrə dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan emal zəncirinin ən önəmli həlqələrindən birini təşkil edir".