“Azəristiliktəchizat” ASC 2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədər ölkədə istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı həyata keçirdiyi tədbirlərini açıqlayıb.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev “Report”a açıqlamasında bildirib ki, tədbirlər planına əsasən 559 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 507 odluq təmir olunub.
Onun sözlərinə görə, bundan başqa, 861 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1 150 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1680 m2 izolyasiya örtüyü və 796 metr kərpic örtüyü təmir olunub: “İstilik şəbəkəlirində 24 310 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 12 760 ədədi əsaslı və cari təmir olunub, 580 ədədi isə yenisi ilə əvəz olunub. Magistral və məhəllədaxili İstilik xətlərində 3 850 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 7 520 m2 dam örtüyü təmir edilib”.
R. Əliyev bildirib ki, bundan başqa 396 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla təmizlənib, 600 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 5 ton kationit materialları dəyişdirilib: “İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2020-2021-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. Belə ki, 977 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 6 000 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 404 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb”.
O qeyd edib ki, bundan başqa 1 694 ədəd qoruyucu klapan və 2 290 ədəd əks klapan, 418 ədəd ehtiyat su çəni təftiş və təmir olunub, 2 850 ədəd çirktutan təmizlənib və cəmiyyətə aid qaz təsərrüfatı təftiş olunaraq cəmiyyətin balansında olan 155 km qaz xətti və 495 ədəd qaz kəsici klapan yoxlanılıb, 515 ədəd qaz tənzimləyici yoxlanılaraq təmizlənmiş istismara yararsız olanlar yenisi ilə əvəz olunub”.