“Azəristiliktəchizat”: İstilik təchizatı obyektləri mövsümə hazırdır

“Azəristiliktəchizat”: İstilik təchizatı obyektləri mövsümə hazırdır 2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədər tədbirlər planı təsdiq edilib
Energetika
13 Noyabr , 2020 12:35
“Azəristiliktəchizat”: İstilik təchizatı obyektləri mövsümə hazırdır

2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədər “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.

Bunu “Report”a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılması və mövsüm ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3 870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1 950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

R. Əliyev bildirib ki, bununla əlaqədar olaraq, istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub: “Qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib”.

O bildirib ki, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.

Son xəbərlər

Orphus sistemi