"Azəristiliktəchizat" ASC bu ili "Azəriqaz" İstehsalat Birliyinə 41 milyon manat debitor borcla başa vurdu.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu sözləri birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı mətbuat nümayəndəsinin sualını cavablandırarkən bildirib.
Şöbə rəisi hər il "Azəristiliktəchizat"ın "Azəriqaz" İB-yə borcu yarandığını qeyd edib. "Bu məsələ hər dəfə ictimailəşir. Satılmış qazın pulu ödənilməlidir ki, “Azəriqaz" İB-də topdansatışa olan borcunu ödəsin. Bu il də müəyyən məbləğdə borc yarandı. Məsələ Baş nazir səviyyəsində müzakirə olundu, dövlət tərəfindən "Azəristilktəchizat"a müəyyən həcmdə dotasiya ayrıldı. Qurum Birliyə olan borcunun bir hissəsini bu dotasiya hesabına ödədi. Lakin, qış mövsümünün başa çatmasına baxmayaraq, "Azəristiliktəchizat" ASC ili yenə də 41 milyon manat debitor borcla başa vurdu. Qurum bu borcun müəyyən hissəsini qəbul etmir. Ümid edirik ki, bu borcu nə vaxtsa ala biləcəyik", – deyə, qurum rəsmisi əlavə edib.
Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov aksiyanın imkanlarından istifadə edərək abonentlərə müraciət edib. Departament rəisi evini (obyekt) satan şəxslərə müraciət edərək bildirib ki, abonent kodunun mütləq qaydada yeni ev sahibinin adına dəyişdirilməsini həyata keçirsinlər. Onun sözlərinə görə, bir çox hallarda yeni sahibkarlar abonent kodunun onların adına olmadığını əsas gətirərək, məhz bu səbəbdən ödəniş etmirlər. Bu da bəzi sahibkarların ödənişdən qaçması üçün bir üsuldur. Ona görə də vətəndaşlar alqı-satqı zamanı bu riski gözə almalıdırlar.
Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Birlik tərəfindən bütün ölkə ərazisində sahibkarlarla təşkil olunan görüşlər barədə məlumat verib. Şöbə rəisi bu görüşlərin mütamadi olaraq təşkil edildiyini, “Azəriqaz” İB-nin ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin öhdəliyini daim diqqətdə saxladığını vurğulayıb. Şöbə rəisi bu görüşlərin istehlakçılarla “Azəriqaz” İB arasında inteqrasiyanı daha da sıxlaşdırdığını, əvvəlki dövrlərdə keçirilən görüşlərlə müqayisə etdikdə isə hansısa bir narazılıq və problemin olmadığını bildirib.
Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev 2022-ci ilin birinci rübündə qazlaşma işləri ilə bağlı məlumatı media və QHT nümayəndələrinin diqqətinə çatdırıb. Qurum rəsmisinin sözlərinə görə, bu il üzrə 69 kənd və 62 yeni yaşayış massivində küçə qaz xəttinin çəkilişi işləri nəzərdə tutulub ki, 32 kənd 45 yaşayış massivində işlər sürətlə davam edir. O, 2 kənd və 5 yaşayış massivində isə artıq qazlaşma işlərinin yekunlaşdığını diqqətə çatdırıb