“Azərişıq” ASC və "Deloitte Azərbaycan" şirkətinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün vebinar təşkil edilib.
"Report" xəbər verir ki, vebinar “Kiçik və orta bizneslərin inkişafında elektron xidmətlərin rolu" mövzusunda olub.
"Deloitte Azərbaycan" şirkətinin Risk məsləhətləri üzrə direktoru Tural Hacıyev və “Azərişığ”ın “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin əməkdaşları elektron xidmətlərin kiçik və orta biznesin inkişafında olan rolu və dünya təcrübəsi haqqında danışıblar.
Müzakirələr zamanı bildirilib ki, "Doing Business" göstəricilərinə görə xarici investisiyalar ölkələr arasında yeni texnologiyaların ötürülməsinə imkan yaradır və KOB-ların inkişafında mühüm rol oynayır.
Vebinar zamanı “Doing Business” Hesabatının “Elektrikə qoşulma” indikatoru üzrə enerji təchizatı şəbəkəsinə qoşulma prosedurunun Azərbaycanda iki mərhələdən ibarət olması barədə geniş məlumat verilib və həmçinin sahibkarlıq obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı yaradılan Elektron Müraciətlərin İdarə Olunması Sisteminin əyani təqdimatı həyata keçirilib. Elektron sistemin yeni imkanları ilə bağlı həyata keçirilən inteqrasiyalarla bağlı ətraflı məlumat verilib.
Sonda isə sahibkarlar tərəfindən maraq doğuran suallar müzakirə edilərək cavablandırılıb.