“Azərişıq”: Son 2 ildə yarım milyon abunəçinin enerji təminatı yaxşılaşdırılıb

“Azərişıq”: Son 2 ildə yarım milyon abunəçinin enerji təminatı yaxşılaşdırılıb “Azərişıq” rəsmisi deyib ki, iki il ərzində əhali və qeyri-əhali istehlakçılara 504 217-dən artıq sayğac quraşdırılıb
Energetika
10 Fevral , 2017 18:53
“Azərişıq”: Son 2 ildə yarım milyon abunəçinin enerji təminatı yaxşılaşdırılıb

Bakı. 10 fevral. REPORT.AZ /“Azərişıq” ASC fəaliyyətə başladığı gündən ümumilikdə 16 ədəd 110 kV-luq, 53 ədəd 35 kV-luq yarımstansiya tikilib və əsaslı şəkildə yenidən qurularaq, müasir tipli avadanlıqlarla təchiz olunub. Paralel olaraq 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7.746 ədəd 10-6 kV-luq transformator məntəqələrinin təmir işləri aparılıb. 

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a bildirib ki, bundan başqa 2300 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.

T.Mustafayevin sözlərinə görə, 2015-2016-cı il ərzində paytaxtda, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yararsız, istismar müddəti başa çatan avadanlıq müasir tipli avadanlıqla əvəz olunub:

“Bu məqsədlə uzun illər istismar edilən 230 minə yaxın ağac dayaqlar yenilənərək dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Görülmüş tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərib. Qarşıya qoyulan məqsədə çatmaq üçün 2015-2016-cı illərdə 7 233,8 km hava xətti, 4 079,6 km kabel və 5 018,9 km özünüdaşıyan izolyasiyalı naqilləri çəkilib. 227479 ədəd dayaq basdırılıb, ümumi uzunluğu 27 700,4 km olan müxtəlif gərginlikli hava xətlərində əsaslı təmir işləri görülüb”.

“Azərişıq” rəsmisi deyib ki, iki il ərzində əhali və qeyri-əhali istehlakçılara 504 217-dən artıq sayğac quraşdırılıb və ya dəyişdirilib ki, onların da 21 958 ədədi SMS tipli müasir sayğaclardır:

“Diqqətə gətirmək lazımdır ki, iki il ərzində şəbəkələrin qoyuluş gücü 2 000 MVA-dan çox artırılıb. Bu da o deməkdir ki, qoyuluş gücü tələbat gücünü üstələyir və deməli təmir və qəza açılmaları zamanı ehtiyat güc mənbəyi vasitəsilə abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin olunurlar. Artıq abunəçilər enerji pulunu çox asanlıqla internet resurslarından, bank və, poçtlardan, həmçinin “APUS”, “Paypoint” və digər köçürmə növlərindən istifadə etməklə ödəyə bilirlər. Bununla yanaşı, elektrik enerji borcları haqqında abunəcilərə məlumatların çatdırılması üçün telefonla xəbərdarlıq və kommersiya abonentləri üçün “SMS” xəbər sistemləri tətbiq edilir. Qeyd olunan tədbirlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi 2015-2016-cı ildə xeyli artıb və itkilər azalıb”.

T.Mustafayevin sözlərinə görə, bu illər ərzində ölkə üzrə ümumilikdə 500 mindən çox abonentin, yəni 2,5 mln.a yaxın əhalinin enerji təminatı yaxşılaşdırılıb:

““Azərişığ”ın Mərkəzi Dispetçer xidmətində elektrik şəbəkəsinin məsafədən idarə olunmasını təmin edən “SCADA” sisteminin əhatə dairəsi hər ötən il artırılmaqdadır. Həmin sistem vasitəsi ilə yüksək gərginlikli yarımstansiyaların və xətlərin məsafədən idarə olunması təmin edilir. Qeyd olunan müddət ərzində regionlarda 30-a qədər ofis binası tikilib, 2 rayonda isə köhnə binalar təmir edilib. İşçilərin səmərəli və çevik fəaliyyəti üçün bütün texniki şərait təmin edilib. Bütün bunlarla yanaşı, “Azərişıq” ASC-də yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik gənc kadrların hazırlanması işi daim davam etdirilir. Bunun üçün “Azərişıq” ASC-nin yüksək səviyyədə təmin edilmiş Tədris Mərkəzləri fəaliyyət göstərir. Burada treninqlər il boyu müxtəlif istiqamətlərdə aparılır. Tədris Mərkəzlərində yerli mütəxəssislərlə yanaşı xarici ölkələrdən də peşəkarlar dəvət olunur. Respublikamızda elektroenergetika üzrə kadr hazırlayan ali və orta texniki peşə və kollec təhsili verən müəsisələr də Tədris Mərkəzinin imkanlarından istifadə edirlər”.

Qurum rəsmisi həmçinin təmsil etdiyi cəmiyyətin “Asan Xidmət”lə də uğurla əməkdaşlıq etdiyin i xatırladıb:

“İki ildən artıqdır ki, “Azərişıq” “ASAN xidmət” və yeni yaradılan “ASAN Kommunal” mərkəzləri ilə birgə fəaliyyət göstərir. Hazırda Bakı, Sumqayıt, Bərdə, Masallı, Qəbələ, Sabirabad və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində “Azərişıq” öz fəaliyyətini davam etdirir. Daha dəqiqi “ASAN xidmət” mərkəzlərində abunəçilərə texniki şərtlərə dair müraciətlərin qəbulu, elektrik şəbəkəsinə qoşulması, borclara yenidən baxılması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının adının dəyişdirilməsi kimi xidmətlər də daxil olmaqla 11 növ xidmət göstərilir”.

Xatırladaq ki, dövlət başçısının 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nin enerji satışı funksiyası yeni quruma həvalə edilib. Yeni yaradılan quruma Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün ölkə ərazisində elektrik enerjisinin satışı həvalə edilib.

Son xəbərlər

Orphus sistemi