Prezident İlham Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 4 aprel 2017-ci il tarixli fərmanına əsasən ölkədə şəbəkəyə qoşulma müddəti 20 günə, prosedurların sayı isə 2-yə endirilib. Həmin fərmanın 1.11-ci bəndinin icrası ilə əlaqədar olaraq qoşulma haqqının məbləği Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli qərarı ilə müəyyən olunur".
"Report" xəbər verir ki, bunu "Azərişıq" ASC-nin "ASAN Xidmət"lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə Qubadakı "ASAN Xidmət" mərkəzində keçirilən brifinqdə deyib.
"Sahibkar reyestr və qeydiyyat nömrəsini təqdim etməklə 150 kvt (kilovat)-a qədər mövcud və ya inşa ediləcək tikinti obyektini E-GOV (elektron hökümət portalı), www.e-service.azerishiq.az saytından, "ASAN Xidmət” və ya “ASAN Kommunal" mərkəzlərində quraşdırılmış özünəxidmət pəncərələrindən istifadə edərək enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün onlayn qaydada müraciət edə bilər. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir. Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkar elektrik enerjisi ilə təmin olunur. Sahibkar müraciətinin hansı mərhələdə olduğu məlumatını www.e-service.azerishiq.az vasitəsi ilə əldə edə bilər. Enerji təchizatı şəbəkəsinə qoşulma işləri yerinə yetirildikdən sonra SMS xidməti vasitəsi ilə sahibkara müvafiq sənədlər toplusu elektron qaydada göndərilir", - deyə o, qeyd edib.
"Azərişıq" rəsmisi qeyd edib ki, təmsil etdiyi qurumun innovativ həlləri təmin etməsi sahiblarların işini asanlaşdırır: "Prezident İlham Əliyevin ölkəmizdə innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi ilə bağlı verdiyi göstərişə əsasən “Azərişığ”ın Elektron Müraciətlərin İdarə Olunması Sisteminin (EMİOS) “Elektron hökumət” portalı üzərində bir çox dövlət qurumlarının elektron sistemlərinə inteqrasiya edilməsi sahibkarların onlayn qaydada, olduğu məkanı tərk etmədən bir neçə dəqiqə ərzində müraciət etməsinə şərait yaradıb. Bakı və regional Asan Xidmət Mərkəzlərində, əhalinin intensiv olduğu mərkəzi küçə və prospektlərdə məlumat xarakterli lövhələr, billboardlar yerləşdirilib, sosial informasiya vasitələrində infoqraflar və KİV-lərdə videoçarxlar yayımlanmışdır. Həmçinin aylıq sərfiyyatın ödənilməsi üçün təqdim edilən bildirişlərə onlayn qaydada enerji təchizatı şəbəkəsinə qoşulma haqqında məlumat qeyd edilməyə başlayıb. Aparılan islahatlar nəticəsində keçən ilin ilk 5 ayı ilə müqayisədə bu ilin müvafiq dövrü ərzində sahibkarların onlayn müraciətlərinin sayında bir neçə dəfə artım olub".
Xatırladaq ki, dövlət başçısının Ağıllı şəhər" və "Ağıllı kənd” konsepsiyası ilə bağlı göstərişinə uyğun olaraq ölkəmizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə "Azərişıq" “Ağıllı Şəbəkələr" layihəsi reallaşdırır.