Bakı. 6 dekabr. REPORT.AZ/ “Abşeron rayonunun Masazır və Məhəmmədi qəsəbələrində, eləcə də Xırdalan şəhərinin bəzi hissələrində indiyə qədər yaranan qısa fasilələr tamamilə aradan qaldırılacaq, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunacaq”.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, sözügedən ərazilərin əhalisinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün inşa olunmuş “Məhəmmədi” 35/10 kV-luq yarımstansiyasında əlaqələndirici xətlər yenilənir: “Əhali istehlakçı qrupları qeyri-əhali istehlakçı qruplarından ayrılır və onlar tam dayanıqlı, 24 saat elektrik enerjisi təchizatı ilə təmin olunacaq”.
T.Mustafeyev bildirib ki, son aylar bu ərazilərdə hava şəraiti imkan verdikcə əlaqələndirici xətlər yenilənir: “400-ə yaxın dəmir beton dayaq quraşdırılıb. Hava elektrik xətləri yeraltı kabel xətlərlə və xüsusən özünü daşıyan izolyasiya kabel xəttləri ilə əvəzlənir. Masazır qəsəbəsində yeni inşa olunmuş 35 kV-luq yarımstansiya da əlaqələndirici xətlərlə qidalanacaq. Bu işlər Məhəmmədi qəbəsəsinin 2 mindən çox, Masazır qəsəbəsinin isə 4 mindən çox sakinini əhatə edəcək".