“Azərişıq” Lənkəranın elektrik təsərrüfatını yeniləyir
- 11 mart, 2024
- 11:58
“Azərişıq” ASC Lənkəranın daha 4 kəndində elektrik təsərrüfatını yeniləyir.
“Report”un “Azərişığ”a istinadən verdiyi məlumata görə, Lənkəranın Viravul, Daşdatük, Girdəni və Gərmətürk kəndlərində yenidənqurma işlərini davam etdirilir.
Adıçəkilən kəndlər arasında 4 min nəfərə yaxın sakini olan Viravul kəndində yeni güc mərkəzləri yaradılır. Paralel olaraq köhnə, sovet dövründən qalma dayaqlar yeni və müasirləri ilə əvəz edilir. İstismar müddəti başa çatmış açıq naqillərin yerinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir.
Köhnə sayğaclar həyətyanı sahələrdən çıxarılaraq əvəzində müasir standartlara cavab verən yeni sayğaclar qoşulur. İşlər yekunlaşdıqdan sonra kənd sakinləri dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmaqla yanaşı, elektrik enerjisi itkisinin qarşısı da alınacaq.
Yenidənqurma işləri Lənkəranla yanaşı, investisiya proqramına uyğun olaraq ölkənin bütün regionlarında, ən ucqar kənd və qəsəbələrdə də mərhələli şəkildə həyata keçirilir.