"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib Bununla əlaqədar, növbətçilik sistemi müəyyənləşdirilib və bütün təmir-tikinti işləri dayandırılıb
Energetika
26 Dekabr , 2016 12:13
Azərişıq gücləndirilmiş iş rejiminə keçib

Bakı. 26 dekabr. REPORT.AZ/ “Azərişıq” ASC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə gücləndirilmiş iş rejiminə keçib. “Report” xəbər verir ki, bu məqsədlə qurum planlaşdırılmış təmir-tikinti işlərini dayandırıb.

Şirkətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, gücləndirlimiş iş rejimi ilə əlaqədar artıq növbətçilik sistemi müəyyənləşdirilib: “Bayram günləri abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə Qaynar Xətt (012) 440 29 21) və Qəza Xidməti (199) də gücləndirilmiş iş rejiminə keçirilib. Həmçinin, baş verə biləcək problemləri aradan qaldırmaq üçün əlavə maşın və digər mexanizmlər ayrılıb. Xüsusən də dağ rayonlarında elektrik enerjisi təchizatında kəsinti ilə müşahidə edilə biləcək hər hansı hadisənin yaşanmaması üçün əməkdaşlarımız 24 saat gücləndirilmiş iş rejimində çalışacaqlar”.

“Azərişıq” rəsmisi deyib ki, bayram günləri əməkdaşların əsas hissəsi və texnikanın bir qismi uşaq əyləncə mərkəzlərində, əhalinin ən çox istifadə etdiyi müxtəlif xidmət məkanlarında yerləşdiriləcək.

Qeyd edək ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1-2 yanvar - Yeni İl bayramları münasibəti ilə dekabrın 31-dən yanvarın 4-dək ölkədə qeyri-iş günləridir.