“Azərişıq” Bakının Xəzər rayonunda elektrik şəbəkəsini yeniləyir - VİDEOREPORTAJ

“Azərişıq” Bakının Xəzər rayonunda elektrik şəbəkəsini yeniləyir - VİDEOREPORTAJ Bakı. 22 fevral. REPORT.AZ/ “Azərişıq” ASC 2019-cu ilin Tədbirlər Planı çərçivəsində Bakıətrafı kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirmək üçün daha bir yük karvanını yola salıb.
Energetika
22 Fevral , 2019 15:58
“Azərişıq” Bakının Xəzər rayonunda elektrik şəbəkəsini yeniləyir - VİDEOREPORTAJ

Bakı. 22 fevral. REPORT.AZ/ “Azərişıq” ASC 2019-cu ilin Tədbirlər Planı çərçivəsində Bakıətrafı kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirmək üçün daha bir yük karvanını yola salıb. 

"Report" xəbər verir ki, minlərlə dayaqdan, yeni komplekt transformator məntəqələrindən, kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlardan ibarət yükü “Azərişığ"ın mərkəzi təchizat anbarından götürən ağırtonnajlı yük avtomobilləri Bakının Xəzər rayonunun qəsəbələrinə istiqamət alıb. 

Maşın karvanının apardığı avadanlıqlar və materiallarla rayonun Binə qəsəbəsinin yeni salınan məhəllələrinin və bəzi digər yaşayış məntəqələrinin elektrik təsərrüfatı yenilənəcək.

Qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, maşın karvanının apardığı yükə 10 ədəd KTM (Komplekt Transformator Məntəqəsi), bir neçə min km. elektrik verililişi xətləri, 7 min ədəd dəmir-beton dayaqlar, SİP-kabellər və s. daxildir. Onun sözlərinə görə Azərişıq” ASC tərəfindən ölkə Prezidentinin göstərişı əsasında Azərbaycanın regionlarının, Bakı şəhəri və onun ətraf qəsəbə və kəndlərinin elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir.

“Biz bu barədə vaxtaşırı olaraq məlumatlar veririk. Əslində Bakıətrafı kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsi hələ illər əvvəl tamamilə yenidən qurulub, nəticədə sakinlərin elektrik enerjisi ilə sutkanın 24 saatı boyu keyfiyyətli, dayanıqlı təchizatı təmin olunub. Lakin bildiyiniz kimi Bakıətrafı kənd və qəsəbələr sürətlə böyüyür, hər il minlərlə yeni fərdi evlər, müxtəlif obyektlər tikilir. Nəticədə bəzi ərazilərdə möcvud şəbəkələrdə yüklənmələr artır, yaxud yeni salınan yaşayış məhəllələrinin elektrik təchizatı şəbəkəsini qurmaq zərurəti yaranır. O cümlədən Xəzər rayonu üzrə bir sıra ərazilərdə yenidənqurma işlərinə zərurət yaranıb. Hazırda bu rayon üzrə abonentlərin sayı 80 mindən yuxarıdır, onların 30 mindən çoxu təkcə Binə qəsəbəsinin payına düşür. Bu gördüyünüz avadanlıqlar, materiallar hesabına Xəzər rayonunun elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılacaq, aparılan yenidənqurma işləri yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə səbəb olacaq”, -  T.Mustafayev bildirib.

Xatırladaq ki, bu, 2019-cu ilin əvvəlindən “Azərişığ”ın genişmiqyaslı yenidənqurma işləri üçün yola saldığı onuncu maşın karvanıdır. Bundan əvvəl Beyləqan Ağstafa, Ağsu, Şamaxı, Qəbələ, Cəlilabad, Lənkəran, Sabirabad rayonlarına və Bakının Binəqədi rayonunun “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə belə karvanlar yola salınıb. 

“Azərişıq” ötən il Bakının Masazır, Məhəmmədi, Yeni Saray, Ceyranbatan və digər ətraf qəsəbələrində yenidənqurma işlərini yekunlaşdırıb. Nəticədə həmin qəsəbələrin sonradan salınan məhəllələrində yaşayan abonentlərin də elektrik enerjisi ilə fasiləsiz təchizatı təmin olunub. O cümlədən “Azərişıq” ölkənin regionlarında, ucqar dağlıq bölgələrində də elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirib. Bu işlərin 2019-cu il ərzində də fasiləsiz davam etdirilməsi nəzərdə tutulur. 

T.Mustafayev deyib ki, 2019-cu ilin tədbirlər planı tərtib olunub və həmin plan çərçivəsində işlər bu cür sistemli şəkildə həyata keçiriləcək.

“Bizim vəzifəmiz Prezidentin qarşıya qoyduğu vəzifəyə uyğun olaraq, istər Bakıda, istər ölkənin ən ucqar bölgələrində və kəndlərində abonentlərin elektrik enerjisi ilə fasiləsiz, keyfiyyətli təminatını həyata keçirməkdir”, -  T.Mustafayev bildirib.

Son xəbərlər

Orphus sistemi