"Azərişıq" ASC vətəndaş müraciətlərinin şəffaf və səmərəli idarə olunması məqsədilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 17 xidmət göstərir.
"Report"un məlumatına görə, müraciətlərin "vahid pəncərə" prinsipi ilə qəbulu üçün Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) yaradılıb.
1 saylı "ASAN xidmət"in qrup rəhbəri Mirtağı Mustafayevin sözlərinə görə, hər bir sahibkar onlayn qaydada obyektin enerji təchizatına qoşulması üçün müraciət edə bilər: “EMİOS digər dövlər orqanları - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Vergi Xidməti, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq şöbələri üzrə daxil olan məlumatlar inteqrasiya edildiyindən sahibkarlar məlumatları öz üzərində gəzdirmədən 150kwt mövcud və yaxud inşa ediləcək tikinti obyektinə enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciət edə bilər.
Eyni zamanda bu islahatlarla "Azərişıq" tələb olunan gücü 150 kWt qədər mövcud və ya inşa ediləcək tikinti obyektlərinin eneri təchizatı şəbəkəsinə qoşulmasını e-gov (elektron hökümət portalı) üzərində də edə bilir”.
M.Mustafayev bildirib ki, EMİOS sistem artıq bir ildir fəaliyyət göstərir: “Bu sistem artıq Avropa İttifaqının maliyyələşdirdiyi OPSİ - İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının rəsmi saytlarında dərc olunub. Bu sistemin fəaliyyətində əsas məqsəd vətəndaşların onlayın müraciətlərə sövq edilməsidir”
Bundan başqa, onun sözlərinə görə, müraciət zamanı reyester-qeydiyyat nomrəsi əlavə edilməklə CİS (Coğrafi İnformasiya Sistemi) və güc mərkəzi vasitəsi ilə obyektin məsafəsi müəyyən edilir.
400 metr daxilində sahibkar elektron hökumət portalı vasitəsi ilə müraciətinin ödənişini edir, 10 və 20 gün ərzində sahibkar enerji təchizatı şəbəkəsinə qoşulur.
Enerji təchizatına qoşulma işləri yerinə yetirildikdən sonra SMS xidməti vasitəsi ilə sahibkara linklə müvafiq sənədlər toplusu elektron qaydada göndərilir.