Koronavirus (COVID-19) pandemiyası dövründə istehlakçılar bildirişləri sistem vasitəsilə risksiz əldə edə bilər, habelə ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirə bilər.
“Report” xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin, ölkədə xüsusi karantin rejiminin yanvarın 18-nə qədər sərtləşdirilməsilə əlaqədar yaydığı açıqlamada bildirilir.
Məlumatda həmçinin deyilir ki, elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək.
"Əlavə olaraq qeyd etmək istərdik ki, SMART sayğaclarla təchiz edilmiş abunəçilərə "card reader"lər təqdim olunub. Hazırda pandemiya dövrüdür və bu, bir daha onlara şərait yaradacaq ki, evdən çıxmadan həmin qurğu vasitəsi ilə hesablarına pul əlavə etsinlər.
Xüsusi karantin dövründə ödəmə məntəqələrinin və müxtəlif ödəniş şirkətlərə aid terminalların bağlı olması səbəbi ilə istehlakçılarımızın SMART kart sayğaclarının balansının artırılması problemi yaranmışdır. Layihədə istehlakçılarımız sadə bir qurğu əldə etməklə evdən internet vasitəsilə smart kart sayğac balansını artıra bilərlər.
Abunəçilər bu cihazları "ASAN kommunal" və "ASAN xidmət" mərkəzlərindən ödəniş etməklə əldə edə bilərlər.
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza xidmətləri minumum işçi sayı ilə öz vəzifələrini icra edir. Abonentlərimizdən xahiş edirik ki, hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 Çağrı mərkəzi ilə əlaqə saxlasınlar", - deyə qurum bəyan edib.