Hazırda Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı ilkin layihələndirmə işlərinə başlanılıb.
Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.
Onun sözlərinə görə, artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birinci mərhələdə çəkiləcək qaz xətlərinin dəhlizinin razılaşdırılması ilə bağlı müraciət olunub: ”Qaz xətlərinin dəhlizi razılaşdırıldıqdan sonra artıq layihələndirmə işləri yekunlaşacaq. Müvafiq investisiya vəsaiti ayrıldıqdan sonra Şuşa şəhərinin birinci mərhələdə paylayıcı küçə xətlərinin çəkilməsi nəzərdə tutulur”.
T. Cəfərov bildirib ki, eyni zamanda, artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad olunan Ağdam şəhərinin Baş planı da hazırlanıb: “Artıq bu Baş plan yekun mərhələdə, razılaşmalardadır. Bu Baş plana uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi növbəti aydan Ağdam şəhərinin paylayıcı qaz təchizatı sisteminin layihələndirilməsi işlərinə başlayacaq. Eyni qaydada, layihələndirmə işləri başa çatdıqdan, müvafiq razılaşdırma işləri aparıldıqdan və maliyyə vəsaiti ayrıldıqdan sonra Ağdamda da tikinti-quraşdırılma işlərinə başlanılacaq”.