“Azəriqaz”: “Sayğacların sıfırlanmasına dair 144 min müraciət daxil olub”

Energetika
  • 07 yanvar, 2022
  • 07:34
“Azəriqaz”: “Sayğacların sıfırlanmasına dair 144 min müraciət daxil olub”

“Azərbaycanda qaz sayğaclarının sıfırlanması ilə bağlı 104 Çağrı Mərkəzinə 144 min müraciət daxil olub”.

“Report” xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək bildirib.

“İnsanlarda müəyyən qədər yanlış fikir formalaşıb. Abunəçilərin yalnız 30 %-i bizə müraciət edəndə sayğacın oxuna bilən şəklini göndərmişdi. Şəkil göndərənlərin də bir hissəsi smart sayğaclara malikdir. Paralel olaraq əməkdaşlarımız sayğacların oxunub-sııfırlanmasını həyata keçirir. Bəzən mənzilə və yaxud evə yaxınlaşanda abunəçi evdə olmur. Biz məhz bu abunəçiləri nəzərə alaraq şəkil göndərmələrini xahiş etmişik”, - deyə o, qeyd edib.

“Azəriqaz”ın Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev bildirib ki, limitin və ya qiymətin ləvğ edilməsi və ya dəyişdirilməsi “Azəriqaz” İstehsalat Birliyinin səlayihətində deyil.

Onun sözlərinə görə, limitin sıfırlanması kimi anlaşılan bir məqam var ki, “Smart-kart” tipli sayğaclarda dekabrın 31-də gecə saat 00:00-dan sonra avtomatik olaraq yeni ilin limiti üçün hesablamalar gedir. Mexaniki tipli sayğaclardan istifadə edən abunəçilər üçün oxunuş bitdikdən sonra və bildiriş təqdim olunduqdan sonra yeni ilin hesablamaları aparılır”.

O bildirib ki, “Smart-kart” tipli sayğacların mexaniki sayğaclarla dəyişdirilməsi zamanı yaranan borcla bağlıdır: “Əgər sizə borcla bağlı bildiriş təqdim olunubsa və sayğaca baxış keçirildiyi zaman orada onun düz işləmədiyi görünürsə bu onun mənfiyə işlədiyini göstərir. Qüsurla işləyən sayğacın dəyişdirilməsi qaz paylayıcısının üzərinə düşür. Bu, Nazirlər Kabinetinin 2011-ci ildə təsdiqlədiyi 80 saylı qərarda da göstərilib”.