Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev sosial şəbəkələrdə yayılmış metal qəbulu məntəqələrinə təhvil verilən qaz sayğacları ilə bağlı görüntüyə münasibət bildirib.
“Report”un məlumatına görə, R.Əliyev bu barədə özünün feysbukdakı hesabında yazıb.
“Paylaşılan bu videoda qeyri-adi heç nə yoxdur. Həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli qaz sayğaclarının istismar müddəti 15-20 ildir. Sayğacın mexaniki və elektron hissəsi var. İstismar olunduqca sayğacın mexaniki hissəsi sıradan çıxır və onlar metal qəbulu məntəqələrinə təhvil verilir. Məsələn, "Azəriqaz" İstehsalat Birliyinin 2,4 milyona yaxın əhali abunəçisi var. Bu qədər abunəçinin istifadəsində olan qaz sayğaclarının dövlət yoxlanış prosesi aparılarkən (əhali abunəçiləri üzrə 5 ildən bir) heç də ölçü qurğularının hamısı yararlı çıxmır. İldə 150-200 min sayğac yararsız olduğu üçün metal qəbulu məntəqələrinə təhvil verilir. Bu normal bir haldır. Yəni bundan hansısa şou düzəltməyə ehtiyac yoxdur”, - deyə o, qeyd edib.