Yuxarı
    Bağlamaq

    "Azəriqaz" regionlarda 410 nəfər üçün vakansiya elan edib - YENİLƏNİB

    Yaxın bir ildə Azəriqaz ümumilikdə 1 000 nəfəri işə qəbul edəcək

    İlk xəbər saat 12:35-də verilib

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi regionların qazlaşdırılması çərçivəsində 410 yeni vakansiya elan edir. 

    "Report" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib. 

    X.Məmmədov qeyd edib ki, "Azəriqaz" İB-də 1 000 nəfərə yaxın işçi qüvvəsinə ehtiyac var. Onun sözlərinə görə, 410 nəfər dərhal, daha 560 nəfər isə bir il ərzində işə götürüləcək.

    ***

    Müsabiqə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və SOCAR arasında əməkdaşlıq haqqında memorandum çərçivəsində gənclərin məşğulluğunun təmin olunmasına köməkliyin edilməsi istiqaməti üzrə həyata keçirilir. Vakant iş yerləri barədə məlumatlar SOCAR-ın "Azəriqaz" İB tərəfindən Nazirliyin Dövlət Məşğulluq Xidmətinə təqdim olunub. Müsabiqədə yaşı 30-dan yuxarı olmayan, minimum tam orta təhsilli, fiziki cəhətdən sağlam olan, ilk növbədə regionlarda yaşayan Azərbaycan vətəndaşları (Bakı, Sumqayıt, Abşeronda qeydiyyatda olanlardan başqa) iştirak edə bilərlər. Müsabiqə vakansiyaların elan olunduğu yerlərdə SOCAR-ın İnsan resursları Departamenti, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, Dövlət Məşğulluq Xidməti, rayon icra hakimiyyətlərinin yerli icra nümayəndələri cəlb olunmaqla bir neçə mərhələdə həyata keçiriləcək.

    Vitse-prezident əlavə edib ki, əvvəlcə iddiaçıların sənədləri elektron qaydada SOCAR-ın veb-saytında karyera bölməsi və ya rayon məşğulluq mərkəzləri vasitəsi ilə qəbul ediləcək, onların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanılacaq.

    Testdən müvəffəqiyyətlə keçmiş namizədlər üçün SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin təşkil etdiyi təlim kursu keçiriləcək. Təlim iştirakçıları kursun sonunda buraxılış imtahanı verəcəklər. İmtahanda müvəffəqiyyət qazanan namizədlərə müvafiq sertifikatlar təqdim olunacaq. Daha yüksək nəticə göstərmiş 1 000 nəfər seçilərək, onların 410 nəfəri mövcud vakansiyalar üzrə dərhal işə qəbul ediləcək, qalanları isə 1 il müddətində proqnozlaşdırılan vakant yerlər üçün SOCAR-ın kadr ehtiyatları bazasına daxil ediləcək".

    Müsabiqə prosesinin bütün mərhələləri barədə məlumatlar iddiaçıların müraciət zamanı göstərdikləri elektron poçt ünvanlarına və mobil telefon nömrələrinı SMS vasitəsilə göndəriləcək. Müraciətləri təsdiq edilən iddiaçıların hər birinə Fərdi İdentifikasiya Nömrəsi və şifrə veriləcək, bunun vasitəsilə onlar müvafiq linkə daxil olmaqla müsabiqənin nəticəsi haqqında məlumatları ala biləcəklər.

    X.Məmmədov dərəcəsindən asılı olaraq işə götürlənlərin 300-500 manat əmək haqqı alacaqlarını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi