2022-ci il ərzində “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərinin 43,5 %-i aşağı qaz istifadəsi limitini, yəni 1 200 kubmetri keçməyiblər.
“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, hesabat dövründə 41,5 % abonent 1 200 kubmetrədək olan qaz istifadəsi limitini keçib.
R. Məhyəddinov bildirib ki, ötən il ərzində cəmi 15 % abonent isə 2 500 kubmetrədən artıq, yəni bir kubmetrə görə 25 qəpik olan tarifdən istifadə edib.
Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurası təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.