“Azəriqaz”: "İstehsalatda istifadə olunan avadanlıqların 81 %-i yerli istehsaldır"

“Azəriqaz”: "İstehsalatda istifadə olunan avadanlıqların 81 %-i yerli istehsaldır" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yeni sayğaclar quraşdırarkən yerli istehsala dəyər verir
Energetika
26 Noyabr , 2021 13:42
“Azəriqaz”: İstehsalatda istifadə olunan avadanlıqların 81 %-i yerli istehsaldır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yeni sayğaclar quraşdırarkən yerli istehsala dəyər verir.

“Report”un məlumatına görə, bunu “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ölkə başçısının bununla bağlı bütün dövlət müəssisələrinə xüsusi tapşırıqları var ki, mütləq yerli istehsal təşviq edilməlidir: “İqtisadiyyat Nazirliyi, həmçinin SOCAR rəhbərliyi tərəfindən bununla bağlı bizə xüsusi tapşırıqları var. Biz də bu məsələ ilə bağlı Gəncə Cihazqayırma Zavodu ilə memorandum imzalamışıq”.

R. Əliyev bildirib ki, bu gün “Azəriqaz” istehsalatda istifadə olunan avadanlıqların 80-81 %-i yerli istehsaldır: "2022-ci ili də nəzərə alsaq, artıq sayğacların da 85 %-i yerli istehsal olacaq. Bu gün “Azəriqaz”ın qaz paylayıcı şkafları yerli istehsaldır. Həmçinin, sayğacların tənzimləyiciləri, blombları da yerli istehsaldır. Son 7-8 ayda istehsalatda istifadə olunan metal borular da Azərbaycanda istehsal olunub”.

“Azəriqaz”ın Baş direktoru ümid edir ki, imzalanan memorandumdan sonra 2022-ci ildən sayğacların hamısı yerli istehsal olacaq: "Biz maksimum yerli istehsala diqqət ayıracağıq”.

R. Əliyev “Azəriqaz”ın elan etdiyi tenderlər məsələsinə də toxunub. O bildirib ki, tenderlərlə bağlı da mətbuatda müəyyən məsələlər gedir: “Bildirmək istəyirəm ki, biz yerli istehsalı bu formada təşviq ediriksə, tender məsələləri də öz həllini tapacaq və burada da tam şəffaflığın təmin olunmasını bütün cəmiyyət biləcək”.

Son xəbərlər

Orphus sistemi