"Azəriqaz”ın baş direktoru Şamaxıda vətəndaşları qəbul edib
- 14 mart, 2022
- 12:31
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şamaxı şəhərində vətəndaşlarla görüş keçirib.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qəbulda onunla yanaşı, əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov, Ağsu Regional qaz istismarı İdarəsinin, Şamaxı və Qobustan xidmət sahələrinin rəhbər şəxsləri iştirak ediblər.
Görüşdə Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və digər məsələlərə toxunulub.
R.Əliyev qəbula üz tutan 30 vətəndaşı fərdi olaraq dinləyib, qaldırılan məsələlərin həlli barədə Ağsu Regional qaz istismarı İdarəsinin, Şamaxı və Qobustan xidmət sahələrinin struktur rəhbərlərinə müvafiq tapşırıq verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. İstehsalat Birliyinin səlahiyyətləri xaricində olan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaşlar müraciətlərinə baxılması üçün onlara bu cür rahat şərait yaradıldığına görə rəhbərliyə təşəkkür ediblər. Baş direktor bundan sonra da mütəmadi olaraq ayrı-ayrı regionlarda vətəndaşlarla görüşlərin keçiriləcəyini vurğulayıb.