“Azəriqaz” İB-nin Baş direktoru: “Abonentlərimizin problemlərini onların yanında dinləyərək həll etməyə çalışacağıq” - MÜSAHİBƏ

“Azəriqaz” İB-nin Baş direktoru: “Abonentlərimizin problemlərini onların yanında dinləyərək həll etməyə çalışacağıq” - MÜSAHİBƏ
Energetika
26 Noyabr , 2019 15:00
“Azəriqaz” İB-nin Baş direktoru: “Abonentlərimizin problemlərini onların yanında dinləyərək həll etməyə çalışacağıq” - MÜSAHİBƏ

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin “Report” İnformasiya Agentliyinə müsahibəsi:

Ruslan müəllim, öncə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyinatınız münasibəti ilə sizi təbrik edir və uğurlar arzulayırıq.

Bundan öncə “Azəriqaz” İstehsalat Birliyində Baş direktorun müavini vəzifəsində çalışmısınız. Təxminən, bir ay əvvəl isə Baş direktor təyin olunmusunuz. Maraqlıdır, Baş direktor kimi prioritetləriniz nələr olacaq? Əsas hansı istiqamətlərin həllinə çalışacaqsınız?

- Biz əsas hədəflərimizi Prezidentin kommunal xidmətlər haqqında çıxışları, tapşırıqları əsasında qurmuşuq. Ən əsası “Azəriqaz” abonentinin məmnunluğu və onları təhlükəsiz, texnoloji parametrlərə uyğun qazla təmin etməkdir. İşimizin əsası budur. Bundan başqa, təmir-tikinti, payız-qış mövsümünə hazırlıq işlərini operativ yerinə yetirmək, vətəndaşı narahatedici məqamlar, qaz dayanmaları, qazın təzyiqi ilə bağlı problemləri operativ araşdırmaq və yerinə yetirmək də prioritetlərimizdir.

Payız-qış mövsümündə istehlakçıların fasiləsiz təbii qaz təchizatının təmin edilməsindən söz düşmüşkən, ötən mövsümlə müqayisədə qaz təsərrüfatının inkişafı ilə bağlı hansı irəliləyişlər əldə olunub?

- Əvvəlki illərdə də müəyyən xətlərin dəyişdirilməsi, şəbəkənin genişləndirilməsi işləri görülüb. Bu il də bu işlər aparılır. 3 il bundan əvvəl Bakı şəhərinin dairəvi sistem üzrə yeni layihəsini hazırladıq. O proses üzrə işlərimizi davam etdirmişik. Məlumat üçün bildirim ki, təkcə bu il 2 min km-ə yaxın xətlərin dəyişdirilməsi və o xətlər üzərində olan avadanlıqların, qaz tənzimləyici şkafların və digər avadanlıqların müasirləşdirilməsi işlərini aparmışıq. Bu işlərimiz davamlıdır. Bizim işlərin nəticəsi isə “güzgümüz” sayılan 104 xidməti, mətbuat və sosial şəbəkələrdir. Bizim işimizin effektivliyi burada daha aydın görünür. Həm 104 Çağrı Mərkəzinə daxil olan zənglər, həm sosial şəbəkələrdəki qeydlərə əsasən, demək olar ki, bizimlə bağlı, qazın təzyiqi ilə bağlı problemlər ildən-ilə sürətlə azalmağa doğru gedir.

Bakı şəhərinin dairəvi sistem adlandırılan sistem əsasında qazla təminatından danışdınız. Bu sistemdə konkret hansı məsələlər əksini tapıb?

- Dairəvi sistemin mahiyyəti xətlər üzərindəki abonentlərin sayını azaltmaqdan ibarətdir. Bizim əsas daşıyıcı kəmərlərin üzərində elə kəmərlərimiz var ki, 110-120 min abonent qazla təchiz olunub. Hər hansı qəza, sızma və digər hallarda bu abonentlərin qazının kütləvi dayanmasına səbəb olur. Əsas məqsədimiz odur ki, bu daşıyıcı kəmərləri şaxələndirək.

Onun qollarını daha çox artırmalıyıq ki, həmin ərazilərdə dayanma və qəza halı olanda bundan az insan əziyyət çəksin. Bir məqamı da qeyd edim ki, qəza halı qaçılmazdır. Belə hallar olur. Bəzən bizim kəmərin köhnəlməsindən, ən çox hallarda isə digər kommunikasiya xidmətlərinin, yaxud digər təşkilatların hər hansı qazıntı işləri aparması və ya fərdi fiziki şəxsin qazıntı işi aparması zamanı bizim kəmərlərə toxunması nəticəsində qəza hadisəsi baş verir. Hər kommunal xidmətin özünün incəlikləri var. Bizdə isə hər hansı qəzanın aradan qaldırılması daha çox vaxt tələb edir. Çünki qaz sistemdən boşaldılmalı, təhlükəsizlik qaydalarına riayət olunmalı, həmin qəza yerinin bərpasından əvvəl sınaq olunmalıdır. Sonra qazın verilməsi bərpa olunur. Bunlar özü böyük prosesdir. İşin həcmi 20-25 dəqiqəlik olursa, prosesi yerinə yetirmək 4-5 saat, bəzən 6 saat vaxt aparır.

Qış aylarında, xüsusilə də təzyiqin aşağı olması ilə bağlı şikayətlər olur. Qaz təchizatında təzyiqin aşağı düşməsi hallarının qarşısının alınması istiqamətində hansı addımlar atılır?

- Qazın abonentə verilməsində heç bir problem yoxdur. Sadəcə, dayanıqlığın saxlanması müəyyən texniki işlərin aparılmasını tələb edir. Çünki tələbatı izləmək olmur. Həmin xətlərin üzərində sahibkarlar, kiçik müəssisələr də var. Onların işləməsi və dayanmasına tam nəzarət edə bilmirik. Hər hansı rejimi verdikdə müəyyən edirik ki, bu əraziyə həmin qaz həcmi kifayət edir. O ərazidə hər hansı kiçik müəssisənin işə qoşulması həmin şəbəkədə dayanıqlığı pozur. Bu dayanıqlığın pozulmaması üçün şəbəkənin daha geniş və şaxəli olması vacibdir. Bununla bağlı işlərimiz görülür. Bu gün qaz verə bilməyəcəyimiz, yaxud təzyiq verə bilməyəcəyimiz ərazimiz yoxdur. 

Hazırda sərfiyyat nə qədərdir?

- Sərfiyyat sürətlə dəyişir. Sərfiyyat keçən aya nisbətən 3 dəfədən çox artıb. Keçən ilin eyni gününə nisbətən (22 noyabr-Rep.) 4 mln. kubmetrdən çox artıq qaz götürürük. Bu gün tələbat çox artıb. Havanın temperaturu eynidir, ancaq daha artıq qaz götürürük. Şəbəkəmizdə qazın təzyiqi, həcm ilə bağlı heç bir problem yoxdur.

Bu günlərdə Şəmkirdə, daha sonra Xəzər rayonunda bir qrup istixana sahibi ilə görüş keçirmisiniz. Bu tip görüşlərin davam etdirilməsi planlaşdırılırmı? Daha hansı regionlarda sahibkarlarla görüşlər keçirilməsi nəzərdə tutulur?

- Yaxın gələcək göstərəcək ki, bizim bu tipli görüşlərimiz reklam xarakteri daşımır. Bu görüşlər davamlı olacaq. Biz dediyimiz sözün üstündə duracaq, sahibkarın, abonentimizin dostu olacaq, onların problemlərini onların yanında dinləyərək həll etməyə çalışacağıq. KOBİA rəhbəri ilə də bu barədə danışmışıq. Salyan regionunda görüş keçirəcəyik. Çalışacağıq ki, biz sahibkarın yanına gedək və sahibkarın problemini yerində öyrənək.

Bu cür görüşlər necə müəyyənləşir?

- Bizə gələn məktublar və ərizələr əsasında müəyyənləşdiririk ki, hansı ərazidən şikayət və ərizə qəbul olunur. Bunun əsasında çalışacağıq nəinki sahibkarla, yerli abonentlərlə də görüş keçirək və onların problemini dinləyib yerində müvafiq qərarlar verək.

Qaz çəkilməyən bəzi ərazilərdən qazlaşdırma ilə bağlı tələblər olur. Bu yaxınlarda Ucar rayonunun Təzəşilyan kəndinin sakinləri qaz tələbi ilə magistral yolu bağlamışdılar. Siz də həmin əraziyə baş çəkərək sakinlərlə görüşlər keçirdiniz. Bu cür şikayətlərlə bağlı nə deyə bilərsiniz?

- Şikayətlər həcminə görə iki yerə bölünür. Onlardan biri də yeni qazlaşma tələbi ilə bağlıdır. Yeni qazlaşma prosesində “Azəriqaz” icraçıdır. Bu cənab Prezidentin birbaşa insanlara sosial dəstəyidir. Sosial dəstək olduğu üçün dövlət vəsaiti hesabına yerinə yetirilir. Bu prosesdə “Azəriqaz” icraçıdır. Bununla bağlı vətəndaşlarla görüşlər keçiririk. Təkcə bu il regionlardan 92, Bakıdan 22 qəsəbə olmaqla, ümumilikdə, 114 qəsəbə qazlaşma prosesinə daxil edilib. Hər il bu proses gedir. Biz o vətəndaşları əmin edirik ki, bu proses davamlı olacaq. Sizin səsinizi mətbuatdan da izləyirik. Qazlaşma işləri dayanmır. Çünki bilirsiniz ki, əhalinin, tikililərin də sayı artır. Bu gün biz qazlaşma prosesinin bitməsi ilə hər hansı kənddən, qəsəbədən çıxdıqdan sonra məlum olur ki, orda növbəti illərdə yeni evlər tikilir, yəni qazlaşma prosesi davamlı aparılır.

- Bu ilin sonuna qazlaşdırma səviyyəsinin neçə faiz olması planlaşdırılır?

- Bu ilin sonuna qazlaşdırma səviyyəsi 96% olacaq. Qazla təmin olunan abonentlərin sayı isə 2 mln. 300 min nəfərə yaxın olacaq.

Gələn ilin tədbirlər planında qazlaşdırmanın neçə faizə çatdırılması nəzərdə tutulur?

- Gələn il üçün təkliflərimizi vermişik. Burada, əsasən, şəhərə yaxın yaşayış massivləri nəzərdə tutulub. Bu təkliflərə Prezident Aparatında baxılır. Güman edirik ki, müsbət baxılaraq yeni qazlaşma üçün sərəncam çıxacaq.

Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İB-yə borc məsələsi hər il gündəmə gəlir. Bu borcun olmasına baxmayaraq, qazanxanalara qaz verilişini bərpa etmisiniz. Hazırda neçə qazanxanaya qaz təminatı həyata keçirilir?

- “Azəristiliktəchizat”ın tələb etdiyi bütün qazanxanalara qaz verilir. Qazanxanaların sayında dəyişkənlik olur. Bəzi yerlərdə qazanxanalar açılır, bəzi ərazilərdə bağlanır. Yəni mövsüm ərəfəsində tələb olan qazın verilişini təmin edirik. Biz həm qazın verilməsi, həm də yığımı ilə məşğuluq. Yığımla bağlı “Azəristiliktəchizat”la hər il problemimiz olur. Bu problemi, demək olar ki, bütün Azərbaycan vətəndaşı bilir. Bu il də problem qalır. Bizim də görəcəyimiz işlər var. Bizim tədbirlər planı tutulur, öz iqtisadi göstəricimizə uyğun maliyyə vəsaitimizi müəyyənləşdiririk. Buna uyğun alqı-satqı, satınalma, təmir-tikinti işləri aparılması üçün plan hazırlanır. Hər hansı bir müəssisə bizə olan borcu ödəmədikdə bizim işlərimiz pozulur. Bizim tələbə görə verilən qazın haqqı 30 gün müddətində ödənilməlidir. Ancaq ən böyük müəssisələrdən biri olan “Azəristiliktəchizat”la bizim aramızda bu problem həmişə qalır və bu gün də var.

Hazırda yığım hansı səviyyədədir? Qeyri-əhali qrupu üzrə bu göstərici necədir?

- Yığımla bağlı heç bir problemimiz yoxdur. Əhali abonentlərindən tam razıyıq. Həm mexaniki sayğaclardan, həm də əvvəlcədən ödənişli “smart” tipli sayğaclardan istifadə edənlərlə bağlı heç bir problemimiz yoxdur. Yığımımız 100% həcmində olur. İl bağlananda müəyyən rəqəmlərdə dəyişiklik olmasına görə ilin sonunda 98% 99% göstərici ola bilər. Amma yığımla bağlı heç bir problemimiz yoxdur.

Qeyri-əhali qrupu üzrə də əsaslı debitor yaradan müəssisəmiz yoxdur. “Azəristiliktəchizat” istisna olmaqla, digər təşkilatlarda yığımla bağlı problemimiz yoxdur.

Yığımın 100% olmasını nəzərə alsaq, “smart-kart” tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsi mümkündürmü?

- Bu məsələ gündəmdədir. Bu məsələni gündəmə gətirmişik və üzərində işlər aparılır. Bu gün mexaniki sayğacların ödənişi ilə bağlı heç bir problem yaşanmır. Ona görə də növbəti illərdə mexaniki sayğaclara daha çox üstünlük vermək prosesinə başlayacağıq. 2020-ci ildən bu proses başlayacaq. Bunun müxtəlif səbəbləri var. Ən böyük səbəblərdən biri ödənişdə problem olmamasıdır. Əgər ödənişdə problem yoxdursa, bu sayğaclar üzrə yığım səviyyəmiz yüksəkdirsə, niyə mexaniki sayğaclardan istifadə etməyək?! Çünki mexaniki sayğacların qiyməti də digər elektron “smart” tipli sayğaclardan fərqlidir. Ona görə də bu, bizim ümumi iqtisadi göstəricilərimizə də təsir göstərəcək, qeyd etdiyimiz o dairəvi sistemin qurulmasını, təmir-bərpa işlərinin aparılmasını daha da sürətləndirəcək. Həmin maliyyəni digər işlərimizə yönəldərik.

Hazırda mexaniki və “smart” tipli sayğacların faiz nisbəti necədir?

- Faiz nisbəti ilə götürdükdə 45-55% arasındadır. Hazırda 1,3 mln. “smart” tipli, qalan 1 mln. isə mexaniki tipli sayğaclardır. Ancaq 2020-ci ildən başlayaraq bu nisbət dəyişəcək.

Tamamilə mexaniki tipli sayğaclara keçiləcək?

- Xeyr. Tamamilə deyil. Biz düşünürük ki, əvvəlcədən ödənişli sayğacları mənzillərin daxilində yerləşdirək. "smart-kart" tipli sayğacların bundan sonra da tətbiq olunacağı yerlərdən biri də ödəniş qrafikinə riayət etməkdə çətinlik çəkən abonentlərin mənzilləridir. Yəni bəzi abonentlər var ki, onların ödəniş tarixçəsinə baxsaq, mexaniki sayğaclardan istifadə edərkən ödəmələri vaxtında yerinə yetirməyiblər. Hesab edirik ki, "smart-kart" tipli sayğac belə insanlarla münasibətdə həm sərfəli, həm də sivil mübarizə yoludur. Yəni kartına qoyduğun qədər vəsaitə uyğun qazı istehlak et.
 Digər abonentlərdə tam mexaniki sayğaclardan istifadə nəzərdə tutulur.

- Qaz itkilərinin azaldılması ilə bağlı hansı işlər görülür? Bu sahədə “Azəriqaz”ın hədəfləri nədir?

- Yaxın 10 il ərzində qaz itkiləri ilə bağlı göstəricidə böyük fərq var. Strateji yol xəritəsində də müəyyən faiz nisbəti hədəf qoyulmuşdu. Bu, birrəqəmli göstərici idi. Biz 2018-ci ildə o hədəfə çatdıq. Halbuki bu göstəriciyə nail olmaq 2020-ci ildə hədəflənirdi. Biz hədəfi yerinə yetirmişik. Artıq birrəqəmli göstəricidir. Bu da qəbul olunmuş itki faizidir, çünki bu, texnoloji prosesdir. Biz 220-230 nöqtədən qaz qəbul edirik, həmin qazın 2 mln. 300 min nöqtədə paylanması zamanı hər hansı itkinin yaranması tam texnoloji prosesdir. Bu, qəbul edilən bir itki həcmidir.

- Bəzi Regional İdarələrdə əməkhaqqının verilməsi ilə bağlı problemlər olduğu barədə yazılmışdı.  Bu məsələ ilə bağlı vəziyyət necədir?

- Əməkhaqqı ilə bağlı bəzi gecikmələr olub. Amma növbəti aylarda bu proses tam tənzimlənib. Bizdə 10 minə yaxın müqavilə ilə işləyən sosial işçi, 8 mindən bir qədər artıq isə ştatda olan işçilərimiz var.  Biz əvvəl ştatdakı işçilərimizin, sonra sosial işçilərin əməkhaqqını təmin edirdik. Sosial işçilərdə bu prosesin müxtəlif cür qəbul edildiyini gördük, ona görə əvvəl sosial işçilərin əməkhaqqını təmin etməyə başladıq. Əməkhaqqı həftənin 2-3-cü günlərinə tam bağlanacaq.

Yaz-yay aylarında qaz satışı az olduğuna görə, satışdan əldə olunan məbləğ də az olur. Böyük tələbatçımız olan “Azəristiliktəchizat” kimi müəssisələr borclu olanda onda əməkhaqqına, digər işlərə təsir göstərir.

“Azəristiliktəchizat”ın 29 mln. manata yaxın borcu var. Bizim üçün bu böyük məbləğdir. Bu, bəlkə də, birillik əməkhaqqımıza yaxın bir rəqəmdir. Bu, göstərici təkcə 2019-cu ilin borcudur.

Əvvəlki illərdən də borclar var. Hazırda əvvəlki illərdən qalmış 13 mln. manata yaxın mübahisəli borc var. Hər hansı borcun ödənilməsi 30 gündən çox olduqda, aylar, illər ötdükdə mübahisələr yaranır. Bizim abonentlərimiz yaxşı olar ki, 30 gün ərzində borcu ödəsinlər. Bu həm bizim üçün, həm də onlar üçün yaxşı olar, şəbəkəmizdə böyük işlər görərik.

- Son olaraq, rəhbərlik etdiyiniz qurumun gələn il üçün planları nələr olacaq? Bu barədə də məlumat vermənizi istərdik.

- Biz gələn il, əsasən, yeni yaşayış massivlərinin qazlaşdırılmasına diqqət ayıracağıq. Bununla bağlı 2-ci mərhələyə start veririk. Sözsüz ki, növbəti il üçün hazırlanacaq dövlət proqramına təkliflərimiz də var. Məhz bu proqramlar əsasında hər il dövlət büdcəsindən ayrılan sosial yönümlü vəsaitlə böyükmiqyaslı qazlaşma işləri aparılır. Xüsusilə qeyd etməliyəm ki, Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə belə yaşayış massivləri çoxdur. İnanıram ki, 2020-ci ildə qarşıya qoyulan məqsədlərə çata bilsək, paytaxtda yeni yaşayış massivləri ilə bağlı 100% qazlaşmaya nail olacağıq. Düzdür, bu da nisbi rəqəmdir, amma nəzərə almalıyıq ki, hazırda Bakıda qazlaşmanın aparılması sırf bu kimi yaşayış yerləri ilə bağlıdır. Bundan başqa, bölgələrdə də bir sıra araşdırmalarımız olub. Müvafiq olaraq dövlət proqramının hazırlanması ilə məşğul olan təşkilatlara bir paket formasında regionlara dair təklif və rəylərimizi də təqdim etmişik. Eyni zamanda "Azəriqazın Dostu" ideyasının reallaşdırılmasına başlayacağıq. Bu da çox maraqlı təşəbbüslərdəndir. Bir sözlə, yeniliklərimiz çox olacaq və bunların hamısı abonentlərin məmnuniyyətinə xidmət göstərəcək.

Son xəbərlər

Orphus sistemi