Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası mürəkkəb relyef şəraitində yerləşən Gədəbəy rayonunun Dərəqumlu kəndinin yeni yaşayış massivində baş tutub.
“Report”un İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, görüşdə “Azəriqaz”ın və Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər.
Kənd sakinləri Dərəqumlu kəndinin qazlaşdırılması işlərinin başa çatdığını, lakin sonradan salınan, ucqar ərazidə yerləşən, qış aylarının daha sərt keçdiyi bu yeni yaşayış massivində təbii qazın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar.
Vətəndaşlar "Səyyar qəbul otağ"ının imkanlarından istifadə edərək 30 fərdi yaşayış evi olan massivin təbii qazla təmin olunmasını xahiş ediblər. Ünvanlanan problem və təkliflərin Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunması üçün bütün müraciətlər qeydə alınıb.
Qeyd edək ki, Gədəbəy rayonunda 109 yaşayış massivi var ki, bunlardan 71-i mavi yanacaqla təmin olunub.