Yuxarı

"Azəriqaz" iki əməkdaşına xəsarət yetirilməsi ilə bağlı məlumat yayıb

Təbii qazdan qeyri-qanuni istifadə nəticəsində 319 min manat dəyərində dəymiş ziyan hesablanıb

Bakı. 23 fevral. REPORT.AZ/ "Abonentlərin təbii qazdan qeyri-qanuni istifadə etmələrinin qarşısının alınması məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aparılan reydlər zamanı əməkdaşlarımıza qarşı müəyyən təzyiqlər edilir, hətta bədən xəsarətləri də yetirilir. Fevralın 22-də iki belə hadisə baş verib".

Bu barədə "Report"a İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ilk hadisə zamanı Birliyin əməkdaşları Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Mansur Elşad oğlu Mirzəyevə məxsus istixanada inventarizasiya işləri aparmaq məqsədi ilə baxış keçirmək istəyiblər, ancaq adı çəkilən şəxsin atası Elşad Mirzəyev və onun ailə üzvləri tərəfindən Birliyin Bakı Regional Satış Departamentinin əməkdaşı Anar Aftandil oğlu Əliyeva bədən xəsərətləri yetirilib, eyni zamanda SOCAR-ın Nəqliyyat Departamentinin balansında olan xidməti avomobilin ön şüşəsi sındırılıb: "Əməkdaşımıza xəstəxanada ilkin tibbi yardım göstərilib və ambulator müayinə üçün evə buraxılıb. Faktla bağlı Sabunçu RPİ-nin 15-ci polis bölməsi tərəfindən araşdırma aparılır".

İB-dən qeyd olunub ki, digər hadisə isə Suraxanı rayonu 13-cü mədən küçəsində baş verib: "Belə ki, Birliyin Suraxanı qaz xidmət sahəsinin qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri Ramil Ələddin oğlu Məmmədov həmin küçədə yerləşən qaz tənzimləyici qurğunu təmir edərkən tanımadığı şəxslərin təzyiqinə məruz qalıb. Nəticədə, həmin şəxslərlə əməkdaşımız arasında mübahisə yaranıb. Yaranmış mübahisə zəminində əməkdaşımızı qaz açarı ilə döyərək çoxsaylı bədən xəsarətləri yetiriblər".

Qeyd edək ki, R.Məmmədov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilərək müalicə olunmaqdadır. Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məlumatda həmçinin qeyd olunub ki, cari ilin yanvar ayı ərzində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər nəticəsində ölkə üzrə 543 əhali, 48 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 318 756 manat dəyərində dəymiş ziyan hesablanıb: "Azəriqaz" təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi