“Azəriqaz”:Qaz detektorlarının quraşdırılması istehlakçılara daim tövsiyə olunur

“Azəriqaz”:Qaz detektorlarının quraşdırılması istehlakçılara daim tövsiyə olunur Bununla bağlı birliyə müvafiq səlahiyyətlər verilərsə, bütün mənzillərdə detektorların qısa zamanda quraşdırılması həyata keçirilə bilər
Energetika
4 Fevral , 2019 14:50
“Azəriqaz”:Qaz detektorlarının quraşdırılması istehlakçılara daim tövsiyə olunur

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevin “Report”a müsahibəsi:

- Evlərdə texniki şərtlərə riayət olunmaması nəticəsində dəm qazından boğulma halları son həftə Milli Məclisdə müzakirə olunub. Qanunvericilikdə bu cür halların baş verməsi üçün hansı qabaqlayıcı tədbirlərin görülməsi “Azəriqaz”ın səlahiyyətlərinə daxil edilib? Misal üçün, “Azəriqaz” mənzillərdə qaz detektorlarının quraşdırılmasını istehlakçılardan tələb edə bilərmi?

- Qaz paylayıcı ilə istehlakçı arasındakı bütün münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edək ki, həmin qaydaların tələblərinə uyğun olaraq yeni tikilmiş binalara və fərdi yaşayış evlərinə qazın açılışına icazə verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də məhz mənzillərdə qaz detektorlarının quraşdırılmasıdır. Yeni mənzillərdə detektor quraşdırılmasa “Azəriqaz” həmin mənzillərə təbii qazın verilməsinə icazə vermir. Lakin “Azəriqaz”ın bu səlahiyyəti yalnız yeni tikilən mənzillərə şamildir. Daha əvvəlki dövrdə qaz şəbəkəsinə qoşulan binalarda və fərdi evlərdə detektorların quraşdırılmasını tələb etmək “Azəriqaz”ın səlahiyyətində deyil. İcbari qaydada bunu reallaşdırmaq üçün səlahiyyətimiz olmasa da, həmin detektorların quraşdırılması daim istehlakçılara tövsiyə olunur. Bununla bağlı birliyə müvafiq səlahiyyətlər verilərsə, bütün mənzillərdə detektorların qısa zamanda quraşdırılması həyata keçirilə bilər.

- Milli Məclisin iclasına təklif olunub ki, “Azəriqaz” evlərdə və mənzillərdə mütəmadi yoxlamalar, baxışlar keçirsin. Məlum olduğu kimi, mənzillərə texniki baxışların keçirilməsi “Azəriqaz”ın səlahiyyətində deyil. Hazırda bu funksiya hansı qurumların səlahiyyətindədir və "Azəriqaz" İB bu istiqamətdə hər hansı əlavə töhfələr verə bilərmi?

- Doğrudur, bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.04.2016-cı il tarixli 178 və 180 sayılı qərarları ilə tənzimlənir. Göstərilən qərara uyğun olaraq mənzillərə texniki baxışın keçirilməsini yalnız Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyi həyata keçirə bilər. Həmin qərara əsasən, müvafiq icraçı orqanın səlahiyyətli nümayəndələrinin istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxışların keçirilməsi nəzərdə tutulur. Baxışın nəticələri 2 nüsxədən ibarət aktla rəsmiləşdirilir və aktın bir nüsxəsi istehlakçıya təqdim olunur. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Mənzillərdə yoxlamaların keçirilməsi “Azəriqaz”ın səlahiyyətlərindən kənar olsa da, biz aidiyyəti dövlət qurumlarına bütün lazımlı məlumatları təqdim edərək, səlahiyyətimiz çərçivəsində məsul qurumlarla daim əməkdaşlıq etməyə hazırıq.

- Qaz şəbəkəsində təmir işləri aparılanda qazın verilməsi müvəqqəti dayandırılır. Planlı şəkildə aparılan təmir işləri haqqında əhali və ictimaiyyət necə məlumatlandırılır?

- Planda nəzərdə tutulan tikinti-quraşdırma işləri ilə bağlı təbii qaz təminatında müvəqqəti məhdudiyyət yaranacaqsa, bütün əlçatan vasitələrlə ictimaiyyətə məlumat verilir, o cümlədən birliyin www.azeriqaz104.az rəsmi internet səhifəsində müvafiq məlumat dərc olunur, eləcə də kütləvi informasiya vasitələri ilə istehlakçılar bu barədə əvvəlcədən xəbərdarlıq edilir. Səlahiyyətlərimiz çərçivəsində nəzərdə tutulan bütün vəzifələri icra etməklə yanaşı, millət vəkillərin, ictimaiyyət nümayəndələrinin və bütün istehlakçıların ictimai müzakirələrdə səsləndirdiyi təkliflərini ciddi nəzərə alır, işimizin maksimum səmərəli şəkildə təşkil olunması üçün dayanmadan çalışırıq.

Son xəbərlər

Orphus sistemi