“Son vaxtlar əhali abonent qrupunun istifadəsində olan, dövlət yoxlama müddəti çatmış sayğacların əvəz edilməsindən sonra guya yeni quraşdırılan qurğuların təbii qazın sərfiyyatını çox qeydiyyata alması barədə fikirlər dolaşmaqdadır. Hətta bir sıra ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin də bu məqama toxunduğuna rast gəlinir”.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən “Report”a daxil olan məlumat qeyd olunub.
“Bütün bunları nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi gələn həftədən başlayaraq hər həftənin 2-ci və 4-cü günləri Birliyin Metrologiya Departamentində saat 14:00-dan 17:00-dək “Açıq qapı” günləri elan edir. Media və ictimaiyyət nümayəndələri, abonentlərimiz təbii qaz sayğaclarının yoxlama mərhələlərini əyani şəkildə izləyə bilərlər. “Azəriqaz” İB rəsmiləri isə bütün lazımi açıqlamaları verməyə, ehtimal olunan sualları cavablandırmağa hazırdır” , - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, təbii qaz ölçü qurğuları (sayğaclar) ölkəyə gətirildikdən sonra “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində mərhələli yoxlamalardan keçir. Bu proses Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin nəzarətində olur:
“Prosedurların icrasından sonra sınağı uğurla başa vuran sayğaclar İnstitut tərəfindən dövlət reyestrinə daxil edilir və bundan sonra istismara (abonentlərin istifadəsinə) verilməsi təsdiqlənir. Bütün sadalanan proseslər Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssislərinin müşahidəsi altında həyata keçirilir. Məlumat üçün qeyd edək ki, hər iki qurumun nümayəndələri “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində daimi fəaliyyət göstərir. Yəni bu qədər ciddi nəzarət və müşahidənin mövcudluğu şəraitində qaz ölçü qurğularının sərfiyyatı çox qeydə alması qeyri-mümkündür. Bəzən yanlış səsləndirilən fikirlər isə ictimaiyyətdə səhv başa düşülür və bu, yekun olaraq 2 milyon 330 minə yaxın əhali abonenti olan bir qurumun işgüzar nüfuzuna xələl gətirir”.