"Azəriqaz" çilingər peşəsinə işə qəbulla bağlı müsahibə mərhələsinə başlayıb

"Azəriqaz" çilingər peşəsinə işə qəbulla bağlı müsahibə mərhələsinə başlayıb Təlimləri müvəffəqiyyətlə başa vurmuş 942 nəfər üçün 7 regionda müsahibələr keçirilir
Energetika
29 Oktyabr , 2015 16:22
Azəriqaz çilingər peşəsinə işə qəbulla bağlı müsahibə mərhələsinə başlayıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 8 region üzrə 46 rayonu əhatə edən qaz istismar idarələri üçün “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə start verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkət tərəfindən hazırlanmış proqrama əsasən, 1 111 nəfər “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər”lərin hazırlanma kurslarına cəlb olunub.

Artıq nəzəri-praktiki təlimləri müvəffəqiyyətlə başa vurmuş 942 nəfər üçün 7 regionda təşkil olunmuş müsahibələrə start verilib və SOCAR-ın mütəxəssislərindən təşkil olunmuş müsahibə qrupları həmin regionlara ezam olunublar. Oktyabrın 31-dək davam edəcək müsahibələrdə müdavimlərə qaz təsərrüfatı haqqında ümumi məlumat, qazların xüsusiyyəti, növləri və təbii qazın fiziki-kimyəvi xassələri, yeraltı, yerüstü qaz kəmərləri və onların istismarı, bina daxili qaz kəmərləri və qaz avadanlıqlarının istismarı, qaz tənzimləyici məntəqələr, qaz tənzimləyici qurğular və onların istismarı, nəzarət-ölçü cihazları və onların istismarı, qaz təchizatı sisteminin dispetçer xidmətləri, peşə etikası, qaz təsərrüfatında istifadə olunan əl terminalları, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə tədris olunmuş mövzular ilə yanaşı SOCAR-ın korporativ iş mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədi ilə də sualların verilməsi nəzərdə tutulur. Müsahibə mərhələsində bir neçə namizəd eyni balı toplayarsa, əvvəlcə onların sahə üzrə topladıqları bal, o da eyni olarsa test imtahanında topladıqları bal əsas götürüləcək.

Müsahibədən müvəffəqiyyətlə keçən namizədlər reytinq siyahısına əsasən vakant olan 403 yerə işə qəbul olunacaq. Digərlərinin isə Kadr Ehtiyatı Bazasına daxil edilərək “Azəriqaz”da növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur. Namizədlər müsabiqənin nəticələri barədə məlumatları SOCAR-ın İnsan resursları Departamenti tərəfindən göndərilmiş xüsusi bildirişlər və ya vakansiyaya müraciət edən zaman onlara təqdim olunmuş FİN (fərdi identifikasiya nömrəsi) və şifrəni daxil etməklə www.socar.az internet səhifəsinin “Karyera” bölməsinin “İşə qəbul” bölümünün “Müsabiqə nəticələri” paneli vasitəsilə ala biləcəklər. Müsahibə prosesi şəffaf, obyektiv və ədalətli keçirilir. Müsahibələrin nəticəsi barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsində 4 628 nəfərin müraciəti qeydə alınıb, onlardan 3 266 nəfəri test imtahanına dəvət olunub, 2 581 nəfəri test imtahanında iştirak edib. 

Son xəbərlər

Orphus sistemi