Bugünkü tarixə Azərbaycanda qazlaşmanın ümumi səviyyəsi 96,34 %-ə kimi yüksəlib.
“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
“Bu il ərzində 26 kənddə qazlaşma tam olaraq yekunlaşıb. Nəticədə 2 400 abonent qazla təmin olunub. Hesabat dövründə həm də 25 yaşayış massivi qazlaşıb və 1 632 abonent “mavi yanacaq” almaq imkanı əldə edib”, - E. Vəliyev qeyd edib.
“Azəriqaz”ın sözçüsü eyni zamanda fors-major hallar, dünyada cərəyan edən proseslərdən dolayı mal və materiallarla bağlı olaraq bəzi kəndlərdə yarımçıq qalan işlərin gələn ilin I rübündə tamamlanacağını diqqətə çatdırıb.