Yuxarı
    Bağlamaq

    “Azərenerji” və Energetika Nazirliyi ixtisarlarla bağlı məsələyə aydınlıq gətirib

    Şimal elektrik stansiyasında çalışan işçilərə ixtisarların energetika nazirinin göstərişi ilə reallaşdırıldığı deyilib

    Bakı. 15 yanvar. REPORT.AZ/ “Azərenerji” ASC-nin tabeliyində olan müəssisə və təşkilatlarda kütləvi ixtisarlar başlayıb. 

    Bu barədə “Report”a adıçəkilən qurumda çalışan şəxslər məlumat veriblər.

    Məlumata görə, müxtəlif müəssisələrdə ixtisarların səbəbləri fərqli izah edilir. Belə ki, Bakıda yerləşən "Şimal" Elektrik Stansiyasında çalışan işçilərə ixtisarların bir müddət əvvəl həmin stansiyaya baş çəkmiş energetika naziri Pərviz Şahbazovun göstərişi ilə reallaşdırıldığı deyilib.

    Paytaxtın Nobel prospektində yerləşən Bakı İstilik Elektrik Mərkəzində isə işdən azad edilən əməkdaşlara bu qərarın “Azərenerji”nin sədri Etibar Pirverdiyev tərəfindən verildiyi deyilib.

    Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, P.Şahbazov belə bir göstəriş verməyib: “Cənab nazir təyinatından sonra nazirliyin tabeliyində olan müəssisələrə baş çəkib. O, yalnız işin keyfiyyətinin artırılması ilə bağlı tapşırıqlar verib. Hansısa əməkdaşın işdən azad edilməsi ilə bağlı heç bir göstəriş olmayıb”.

    “Azərenerji”nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı isə “Report”a bildirib ki, sözçüsü olduğu qurumda hər hansı ixtisar aparılmır: “Azərenerji”nin aparatında və strukturuna daxil olan müəssisələrdə heç bir kadr ixtisarı aparılmır və bu, nəzərdə tutulmayıb. Burada mütəmadi olaraq daxili idarəetmənin təkmilləşdirilməsi və struktur vahidlərinin səmərəliliyinin artırılması məqsədi ilə müvafiq işlər həyata keçirilir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi