“Azərenerji”nin SOCAR-a borcu azalıb

“Azərenerji”nin SOCAR-a borcu azalıb SOCAR-ın 1,632 mlrd. manat məbləğində ticarət debitor borclarının vaxtı keçib
Energetika
7 İyul , 2017 12:56
“Azərenerji”nin SOCAR-a borcu azalıb

Bakı. 7 iyul. REPORT.AZ/ Bu ilin əvvəlinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 1,632 mlrd. manat məbləğində ticarət debitor borclarının vaxtı keçib.

“Report” xəbər verir ki, bu barədə “Ernst&Young” (EY) şirkəti tərəfindən auditi aparılmış SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

Həmin məbləğin 254 mln. manatı “Azərenerji” ASC-dən alınacaq vaxtı keçmiş debitor borcuna aiddir. 2015-ci ildə “Azərenerji”nin borcu 312 mln. manat təşkil edib.

“Rəhbərlik hesab edir ki, debitor borclarının məbləği dəyərsizləşməyib və müvafiq zamanda toplanacaq. SOCAR 3 mln. manat məbləğində zəmanət məktubları və akkreditivlər saxlayır”, - deyə sənəddə qeyd olunub.

Debitor borcların 950 mln. manatının 1-30 gün, 192 mln. manatınn 1-3 ay, 490 mln. manatının isə 3 aydan çox vaxtı keçib.

Qeyd edək ki, SOCAR “Azərenerji” ASC-yə təbii qaz və neft qalıqlarının satışını həyata keçirir.