“Azərenerji” bu il 900 km-ə qədər hava xəttini əsaslı təmir edib

“Azərenerji” bu il 900 km-ə qədər hava xəttini əsaslı təmir edib İl əvvəlindən 760-dan çox gərginlik və cərəyan transformatorunda profilaktik sınaq-yoxlama işləri aparılıb
Energetika
28 Oktyabr , 2017 10:33
“Azərenerji” bu il 900 km-ə qədər hava xəttini əsaslı təmir edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Son illər Azərbaycanda enerji sisteminin yenidən qurulması istiqamətində gerçəkləşdirilən kompleks fəaliyyət nəticəsində elektrik enerjisinin ötürülməsi sahəsində əsaslı dəyişikliklərə nail olunub və infrastrukturun müasirləşdirilməsi üzrə bir çox işlər görülüb. Bu ilin doqquz ayı ərzində elektrik enerjisinin ötürülməsi istiqamətində mühüm tədbirlər reallaşdırılıb". 

Bunu “Report”a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəisi Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, məhz mövcud qurğu və avadanlıqlarda, yüksək gərginlikli hava xətlərində mütəmadi olaraq təftişlər aparmaq, nasazlıqları aşkar edib profilaktiki tədbirlər görülməsi, habelə payız-qış mövsümünə hazırlıq tədbirlərini planauyğun şəkildə yerinə yetirilməsi əsas vəzifələrdən biri hesab olunur:

“Yüksək gərginlikli yarımstansiyalarda və elektrik verilişi xətlərində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Ən əsası isə respublika enerjisistemi üçün strateji əhəmiyyətə malik sistem təşkiledici şəbəkə xüsusi diqqət mərkəzindədir. Belə ki, bu ilin ilk 9 ayı ərzində 500 kV-lik “Abşeron” yarımstansiyasında 3 ədəd 133 MVA gücündə avtotransformatorun yeni tikilən 10 kV-lik qapalı paylayıcı qurğusu sxemə salınıb. 220 kV-lik 7-ci “Abşeron” hava xəttində 2 ədəd tutum gərginlik transformatoru quraşdırılıb. 10 kV-lik II bölmə avadanlıqları: avtotransformatorun və 2 saylı 630 kVA-lıq xüsusi sərfiyyat transformatorunun 10 kV-lik yağ açarları vakuum açarlı yuvalarla, gərginlik transformatorunun yuvası isə yenisi ilə əvəz olunub. 330 kV-lik “İmişli” YS-də 1 və 2 saylı 240 MVA gücə malik avtotransfarmatorların 330 kV-lik tərəfində eleqaz açarlarının quraşdırılmasına başlanılıb. Eyni zamanda 330 kV-lik “Gəncə” YS-də 1 saylı 200 MVA-lik avtotransformator əsaslı təmir olunub, 1 saylı 200 MVA avtotransfarmatorunun yeni tikilən 10 kV-lik qapalı paylayıcı qurğusu sxemə salınıb, 2 saylı 250 MVA-lik avtotransfarmatorunun 110 kV-lik cərəyan transformatoru yenisi ilə əvəz olunub. 330 kV “Ağstafa” YS-də 110 kV-lik 1-ci “Ağstafa” HX-nin I, II sistem şinlərində şin ayırıcıları yeniləri ilə əvəz edilib, 330 kV I, II və dolayı şin sistemində izolyatorlar yenilənib, 330 kV-lik 3-cü “Ağstafa” hava xətlərinin boşaldıcıları yeni tipli boşaldıcı ilə əvəz olunub. Bütün bunlarla yanaşı, 220 kV-lik “Səngəçal”, “Hövsan” YS-lərdə bu dövrdə şin ayırıcıları, dolayı eleqaz açarları, boşaldıcılar və digər avadanlıqlar yenilənib”.

Qurum sözçüsü qeyd edib ki, bu dövrdə Regional Elektrik Şəbəkələrin balans mənsubuyyətinə aid olan 110 kV-lik “Binəqədi”, “Ramana”, “Qala” “Binə” və bir neçə yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib: “Ümumilikdə bu dövr ərzində yarımstansiyalarda 145-dən artıq transformator, 510-dan artıq eleqaz, 480 ədəd yağ və 410-dan çox vakuum açarları əsaslı və cari təmir olunub. Yarımstansiyalarda fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların yeniləri ilə əvəz olunması, müasir mühafizə, idarəetmə və avtomatika panellərinin quraşdırılması işləri həyata keçirilib və hazırda bu işlər davam etdirilir. Avadanlıqlardakı çatışmazlıqların müəyyənləşdirilib aradan qaldırılması üçün 225 ədəd transformator və avtotransformator, 700-dən artıq müxtəlif tipli açar, 1520-ə yaxın boşaldıcı, 760-dan çox gərginlik və cərəyan transformatorunda profilaktik sınaq-yoxlama işləri aparılıb.

Hesabat dövründə Mingəçevir SES-də 110 kV-lik Yarımstansiyalarda yeni açıq paylayıcı qurğunun tikintisi ilə əlaqədar, 110 kV-lik 1-ci və 2-ci “Gəncə”, 1-ci və 2-ci “Yevlax”, 1-ci və 2-ci “Şəhər” hava xətlərinin trasında anker və aralıq dayaqlar quraşdırılıb, 220 kV-lik 2-ci “Ağdaş” hava xəttinin Turyançay vadisindən keçən hissəsində hava xəttinin 2,5 km hissəsi yeni əraziyə köçürülüb. Eyni zamanda, 220 kV-lik ikidövrəli “Şimal ES - Zabrat YS” və “Şimal ES - Hövsan YS” hava xətlərinin tikintisi layihəsi üzrə tikinti işləri başa çatdırılıb, 110 kV-lik 3-cü, 4-cü “Ağdaş” hava xətlərinin tikintisi başa çatdırılıb və hava xətləri şəbəkəyə qoşulubdur. Bütün bunlarla yanaşı, 330 kV-lik “Qardabani” hava xəttinin ikidövrəli variantda yenidənqurulması, 330 kV-lik “3-cü İmişli” hava xəttinin “Ağ göl” ərazisindən kənara çıxarılması” layihəsi üzrə tikinti işləri davam edir”. 

Y.Babanlının sözlərinə görə, bu dövrdə balans mənsubiyyətinə aid olan elektrik verilişi xətləri üzrə 896 km-dən artıq hava xətti əsaslı təmir edilib: “Elektrik Verilişi Xətlərində də görülmüş işlərin həcmi kifayət qədər böyükdür. Ümumilikdə, bu dövrdə balans mənsubiyyətinə aid olan elektrik verilişi xətləri üzrə 896 km-dən artıq hava xətti əsaslı təmir edilib. Təmir qrafiki çərçivəsində 11min 400-ə yaxın izolyator, 70-dən artıq dayaq dəyişdirilib, 30-a yaxın dayaq isə təmir olunub. Səhmdar Cəmiyyətdə Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində tərtib edilən İcra Planı eyni zamanda sözügedən istiqamətdə də keyfiyyətcə yeni mərhələnin başlanılmasına, bu sahədə innovativ texnologiyaların tətbiqi ilə enerjisistemin səmərəliliyinin yüksəldilməsinə və elektrik enerjisinin ötürülməsi infrastrukturunun daha da müasirləşdirilməsinə hesablanıb”.

Son xəbərlər

Orphus sistemi