Yuxarı

“Azərenerji” ASC-də 20 Yanvar qurbanları yad olunub

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ “Azərenerji” ASC-də “20 Yanvar hadisəsi Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda keçirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.

Bu barədə "Report"a “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib ki, 20 Yanvar faciəsi artıq xalqımızın yaddaşına müstəqillik, suverenlik və ərazi bütövlüyünün rəmzi kimi həkk olunub: "Ötən il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinin inamla və uğurla qeyd edilməsi bir daha göstərdi ki, bu hadisə qanla yazılsa da şanlı tarix salnaməsidir. Xüsusilə vurğulamaq lazımdır ki, bu istiqamətdə əsas stimul o dövrdə Moskvada yaşayan dahi öndər Heydər Əliyevin elə həmin günün səhəri - yanvarın 21-də oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın bu şəhərdə yerləşən nümayəndəliyinə gələrək, dünya ictimaiyyətinə baş verən, insanlığa sığmayan qanlı hadisənin siyasi məqamlarını çatdırması və hüquqi qiymət verilməsi ilə bağlı bəyanatı olub. Məhz 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və beynəlxalq ictimaiyyətə təfərrüatları çatdırılıb”.

Milli Məclisin üzvü Aydın Mirzəzadə 20 Yanvar faciəsinin tarixindən, bu hadisənin müstəqilliyimizin qazanılmasında və milli dövlətçiliyimizdəki rolundan danışıb: "Artıq 1990-cı ilin yanvar ayında doğulan uşaqlar müstəqil Azərbaycan Respublikası üçün əhəmiyyətli işlərdə işləyir. Bu da onu göstərir ki, bu hadisə qanla yazılsa da, azadlığımızın və müstəqilliyimizin təməlidir. Heydər Əliyevin bu hadisənin əbədiləşdirilməsində xüsusi yeri olub. Bu xətt hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir”.

“Azərenerji” ASC-nin müşaviri akademik Arif Həşimov 20 Yanvarla bağlı keçirilən tədbirin mənəvi məsələ olduğunu diqqətə çatdırıb: "Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib”.

Tədbirdə vurğulanıb ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixinin şanlı səhifəsidir. Vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi daim yad ediləcək.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi