Ölkədə elektrik enerjisinə artan tələbat, xüsusilə torpaqlarımızın işğaldan azad olunmasından sonra bu tələbatın daha da artması enerjisistemdə aparılan tikinti və yenidənqurma işlərinin bir qədər də sürətləndirilməsini şərtləndirib.
“Report” xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, məhz bu səbəbdən də, “Azərenerji” gücünü səfərbər edərək bütün istiqamətlərdə, o cümlədən yeni tikilən 1000 meqavat yükötürmə gücündə olan 330, 220, 110 kolovoltluq “Qobu” yarımstansiyasında və 385 meqavatlıq “Qobu” elektrik stansiyasında işləri daha da intensivləşdirib.
“Qobu” Enerji Layihəsi enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, ölkə üzrə artan tələbatı qarşılamaq, regionlardakı elektrik stansiyalarının Bakıya yönələn yükünü azaldıb əyalətlərə sərf edilməsi baxımından müstəsna rola malik olacaq. Yaradılan yeni mənbə Abşeron enerjisistemində tənzimləyici generasiya gücü funksiyasını daşıyacaq. Burada tikilən “Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kV-luq yarımstansiya olacaq və ən əsası ölkənin ən strateji yarımstansiyası olan 500 kV-luq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq. Artıq elektrik stansiyasının hər 3 maşın zalının yeraltı kommunikasiya xətlərində aparılan işlər tamamlanıb, 7 blok transformatorunun yeraltı əlaqələnmə xətləri çəkilib, su, drenaj, qaz boruları atılıb, metal-konstruksiya işləri davam edir.
Yarımstansiyada isə işlərin çox hissəsi, o cümlədən metal-konstruksiya işləri başa çatıb, avadanlıqların montajı aparılır. Yeni İdarəetmə binası tikilib və hazırda binanın montaj işləri davam edir. Eyni zamanda müasir standartlara cavab verəcək tədris və yataqxana binasının inşası həyata keçirilir. “Qobu” Enerji Layihəsinin enerjisistemlə inteqrasiyası üçün çəkilən yüksək gərginlikli xətlərin inşası da sürətlə davam edir. “Qobu” Enerji Layihəsinin nəzərdə tutulan vaxtdan bir qədər də tez - gələn ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.