“Azərenerji” 3 kiçik SES-in tikintisi və yenidən qurulmasına 37 milyon manatа yaxın vəsait yönəldəcək
- 23 sentyabr, 2024
- 07:49
Yeniliklərdən dərhal xəbərdar olun!
“BCC GROUP” QSC Azərbaycanın bölgələrində 1 kiçik su elektrik stansiyasının (SES) tikintisi və 2 kiçik SES-in yenidən qurulması üçün “Azərenerji” ASC-dən sifarişlər alıb.
“Report” bu barədə dövlət satınalmalarının vahid internet portalında dərc olunmuş məlumata istinadən xəbər verir.
Məlumata görə, “BCC GROUP” QSC “Azərenerji” ilə “Çaykənd-2” kiçik SES-in tikintisi, eləcə də “Təkəqaya” və “Ağçay” kiçik SES-in yenidən qurulması üçün ümumilikdə 36 milyon 602 min 991,35 manat məbləğində müqavilə imzalayıb.
Dəyəri 16 milyon 763 min 385,11 manat olan müqavilə “Çaykənd-2” SES-in tikintisini, 19 milyon 839 min 606.24 manat məbləğində müqavilə isə “Təkəqaya” və “Ağçay” SES-in yenidən qurulmasını nəzərdə tutur.
“BCC GROUP” QSC energetika, neft-qaz, neft-kimya və digər sahələr üzrə infrastrukturun layihələndirilməsi, tikintisi, idarə olunması və xidməti üzrə Mühəndislik/Satınalma/Tikinti (MST) podratçıdır.
Şirkət 1997-ci ildən Azərbaycanda və regionda tikinti biznesi, həllərin optimallaşdırılması, öz müştərilərinə kompleks və əlavə xidmətlərin təqdim edilməsi ilə məşğuldur.