Azərbaycanın Yunanıstan və Bolqarıstana ixrac etdiyi qazın həcmləri açıqlanıb
- 14 avqust, 2024
- 08:37
Bu ilin mayında Yunanıstan və Bolqarıstan Azərbaycandan təbii qaz idxalına xərclərini əhəmiyyətli dərəcədə azaldıb.
Bu barədə “Report” “Energynews” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, may ayında Yunanıstan Azərbaycandan 52,6 milyon avro məbləğində 94 milyon kubmetr təbii qaz idxal edib. Bu isə ötən il eyni dövrü ilə müqayisədə 23,5 % azdır.
Bu ilin mayında Azərbaycan Bolqarıstana 24,7 milyon avro dəyərində 44,6 milyon kubmetr təbii qaz ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9 % azdır.
Qeyd edək ki, ötən il Bolqarıstan Azərbaycandan 27,1 milyon avro məbləğində “mavi yanacaq” idxal edib.
Vurğulanıb ki, Afina və Sofiyanın təbii qazla bağlı xərcləri azaltması onların bu istiqamətdə xərcləri optimallaşdırılması strategiyasını əks etdirir.
Azərbaycandan Yunanıstan və Bolqarıstana təbii qaz idxalı həcmləri demək olar ki, dəyişməz saxlamaqla xərclər baxımından azalma tendensiyası nümayiş etdirir.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Yunanıstana 871,9 milyon avro məbləğində təxminən 2 milyard kubmetr qaz tədarük edib. Ötən il Bolqarıstan Azərbaycandan təxminən 920 milyon kubmetr qaz alıb. Bu həcmlərin ümumi dəyəri 311,5 milyon avro təşkil edib. 2024-cü ilin yanvar-may aylarında isə Yunanıstan Azərbaycandan 461 milyon kubmetr (252,3 milyon avro), Bolqarıstan isə 218,4 milyon kubmetr (117,7 milyon avro) təbii qaz ixrac edib.
Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Bolqarıstana “mavi yanacağın” nəqli TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə həyata keçirilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.