Azərbaycanın Türkiyəyə qaz ixracı 34%-dən çox artıb

Azərbaycanın Türkiyəyə qaz ixracı 34%-dən çox artıb Türkiyənin ümumi qaz idxalında Azərbaycanın payı 29,4% olub
Energetika
29 Oktyabr , 2020 16:25
Azərbaycanın Türkiyəyə qaz ixracı 34%-dən çox artıb

Bu ilin avqust ayında Türkiyə Azərbaycandan 986 mln kubmetr həcmində təbii qaz idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Bu göstərici ötən ilin avqust ayından 34,2% çoxdur. Türkiyənin ümumi qaz idxalında Azərbaycan 2-ci yerdə qərarlaşıb, bazardakı payı isə 29,4% təşkil edib. İlk yerdə 1,37 milyard kubmetrlə Rusiya (illik müqayisədə 5,5% az), 3-cü sırada isə 406 milyon kubmetrlə İran (2,5 dəfə çox) qərarlaşıb.

Avqust ayında Türkiyənin ümumi qaz idxalının həcmi illik müqayisədə 6,4% artaraq 3,35 milyard kubmetrə yüksəlib ki, bununda 2,76 milyard kubmetri və ya 82,4%-i boru kəmərləri ilə idxal olunan qaz, 591 milyon kubmetri və ya 17,6%-ni isə LNG təşkil edib. Hesabat dövründə boru kəmərləri ilə idxal olunan qazın həcmi 17,8%, LNG-nin alışları isə 26,1% azalıb.

Qeyd edək ki, bu ilin avqust ayınadək Türkiyənin ümumi qaz idxalında Azərbaycan ilk yerdə (iyulda bazarda payı 46,09% təşkil edirdi) qərarlaşmışdı.

Son xəbərlər

Orphus sistemi