Azərbaycanın türkdilli ölkələrlə qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

Azərbaycanın türkdilli ölkələrlə qarşılıqlı investisiya qoyuluşu açıqlanıb Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrlə qarşılıqlı investisiya qoyuluşu 35 milyard ABŞ dollarını keçib.
Energetika
30 Mart , 2023 15:59
Azərbaycanın türkdilli ölkələrlə qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrlə qarşılıqlı investisiya qoyuluşu 35 milyard ABŞ dollarını keçib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Macarıstanın paytaxtı Budapeştdə keçirilən TDT-nin enerji nazirlərinin III iclasında bildirib.

O, ölkə prezidentinin təşəbbüsü ilə Ankarada Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsini türk dövlətləri arasında yüksək həmrəyliyin göstəricisi kimi qeyd edib, bildirib ki, münasibətlərin yeni səviyyəyə yüksəldilməsinə dövlət başçılarının ortaq strateji baxışları, son dövrlər intensivləşən təmasları, çoxvektorlu əməkdaşlığın yol xəritəsini müəyyənləşdirən tarixi əhəmiyyətli səfərləri töhfə verməkdədir. Nəticədə bu gün münasibətlərimizin xarakterini qardaşlıq, dostluqdan əlavə strateji tərəfdaşlıq və müttəfiqlik müəyyənləşdirir.

Nazir çıxışında türk dövlətlərinin mənəvi birliyinin siyasi-iqtisadi tərəfdaşlıqlarla möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib, təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 42,7% artaraq 7,2 milyard ABŞ dollarını keçdiyini, bu ölkələrin iqtisadiyyatımıza 14,3 milyard ABŞ dolları, Azərbaycanın isə bu dövlətlərə 21 milyard ABŞ dollarından çox investisiya qoyduğunu qeyd edib. Enerji əməkdaşlığının inkişafının əhəmiyyəti isə ölkələrimizin rifahı və Avrasiyada enerji təhlükəsizliyi aspektində dəyərləndirilib. O, bildirib ki, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyəyə 20,9 milyard kubmetr, Avropaya isə 22 milyard kubmetr Azərbaycan qazı tədarük edilib. Bu il 24,5 milyard kubmetr gözlənilən qaz ixracımızın 10,2 milyard kubmetrinin Türkiyəyə, 12 milyard kubmetrə yaxın həcmin isə Avropaya tədarükü nəzərdə tutulur.

P.Şahbazov Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığın isə Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələrinin genişləndirilməsi, Azərbaycanın “yaşıl enerji”nin tədarükçüsünə çevrilməsi ilə bərabər türk dövlətləri arasında enerji əməkdaşlığına da yeni impuls verdiyi vurğulayıb: “Dekabrda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin və bu ilin yanvarında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun imzalanması imkan verir ki, Macarıstan yeni mənbədən təbii qaz və elektrik enerjisi ilə təmin edilsin. Xəzəri Avropaya birləşdirən “yaşıl enerji” dəhlizinin Azərbaycan başlanğıc nöqtəsidirsə, Macarıstan son məntəqəsidir. Lakin hesab edirik ki, Macarıstan gələcəkdə bu dəhlizi yeni ölkələrə genişləndirən, “yaşıl enerji”nin tranzit qovşağı olacaq.”

Nazir BTC ilə illik 1.5 milyon ton Qazaxıstan neftinin dünya bazarlarına nəqlinə, Özbəkistanla yeni layihələrə başlanması, həmçinin Türkmənistanla enerji sahəsində üçtərəfli formatda əməkdaşlığa dair sənədin imzalanmasını da mühüm irəliləyişlər kimi qeyd edib, türk dövlətlərini Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi prosesində iştiraka dəvət edil.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi dövlətlərdir.

Son xəbərlər

Orphus sistemi