Azərbaycanın qazma şirkətinin xalis mənfəəti 27% azalıb
- 05 yanvar, 2022
- 07:36
“Kaspian Drilinq Kompani Limited” (CDC) MMC 2020-ci ili 69,261 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 27,4% azdır.
2020-ci ildə “Kaspian Drilinq Kompani Limited”in satışdan gəlirləri 281,993 milyon dollar (2019-cu ilə nisbətən 9% az), satışının maya dəyəri 166,674 milyon dollar (6,8% az), ümumi və inzibati xərclər 21,038 milyon dollar (17,3% çox), sair gəlirləri 13,294 milyon dollar (10,2% çox), sosial xərcləri 10 milyon dollar (1 il bundan əvvəl olmayıb), maliyyə xərcləri 0,239 milyon dollar (11,8% az), məzənnə fərqindən zərəri 2,358 milyon dollar (9,1% çox), mənfəət vergisi ödəmələri isə 25,717 milyon dollar (4,5% az) təşkil edib.
Ötən il yanvarın 1-nə “Kaspian Drilinq Kompani Limited”in aktivləri 711,644 milyon dollar olub ki, bu da illik müqayisədə 8,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 17,4% azalaraq 57,165 milyon dollara, balans kapitalı isə 7,8% azalaraq 654,479 milyon dollara düşüb.
Xatırladaq ki, “Kaspian Drilinq Kompani Limited” 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 285,845 milyon dollardır. Şirkətin təsisçiləri 92,4% payla Dövlət Neft Şirkəti (SOCAR) və 7,6% payla “Union Energy PTE LTD” şirkətidir.